"Düşünmürəm ki, Almaniya bu prosesdə hansısa irəliləyişə nail olsun". Bu sözləri Qaynar.info-ya açıqlamasında Gənclərin Atlantik Müqaviləsi Assosasiyasının rəhbəri Zaur Əkbər Ermənistan prezidenti Serj Sarksiyanın Almaniya kansleri Angela Merkellə görüşünün nəticələrini şərh edərkən deyib.
Zaur Əkbər sözlərinə görə, Serj Sarksiyanın Almaniyaya səfəri Ermənistana elə də perspektiv bəxş etmir: "Almaniya Kansleri Angela Merkel mətbuat konfransında da qeyd etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Həmçinin bu prosesin ATƏT-in Minsk Qrupu çərçivəsində, danışıqlar prosesi vasitəsilə həlinə tərəfdar olduğunu dedi. Reallıqda Almaniya bu prosesdən kənardadır. Minsk Qrupunda tərəf kimi Fransa təmsil olunur. Almaniya sadəcə münaqişənin həlli istiqamətində atılan addımların sürətlənməsi üçün tövsiyələr verə bilər. Düşünmürəm ki, Almaniya bu prosesdə hansısa irəliləyişə nail olsun. Bütün Beynəlxalq Təşkilatlar bu münaqişənin həll olunması yolunu ATƏT-in Minsk Qrupuna həvalə edir və bütün dövlət başçıları problemin həlli istiqamətində atılan adımlarda həmsədirlərin hazırladıqları proqramlara istinad edirlər.

Ümumilikdə Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən sayılır. İnanmıram ki, Sarksiyanın səfəri Almaniyanın mövqeyini dəyişdirsin, Mətbuat konfransında da Merkel bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkliyirik və bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü prinsipləri çərçivəsində həllinə tərəfdarıq".
Qafqaz Rafiqoğlu
Qaynar.info