
"Mənim üçün ölkə başçısının sərəncamı önəmlidir"
Ötən gün Türkiyədəki Azərbaycan Kültür Dərnəyi 2014-cü ilin "Rəsulzadə ili" elan olunması ilə bağlı 7 bəndlik təkliflər paketi yayıb.
7 bəndlik təkliflər paketində Azərbaycan parlamenti tərəfindən 2014-ci ilin "Məhəmməd Əmin Rəsulzadə İli" olaraq elan edilməsi üçün qanuni prosedurun çıxarılması, onun adına Azərbaycan və ölkəsi xaricində apardığı mübarizəni elmi olaraq araşdıran və izah edən institut qurulması, Bakı Dövlət Universitetinə Rəsulzadənin adının yenidən verilməsi, 2014-ci ildə ölkə içində və xaricində yığıncaq, simpozium və konfranslar hazırlanması və onun adına dövlət nişanı verilməsi, əhatəli bir muzey açılması və yaşadığı evin yenə muzey halına çevrilməsi, tarix və sənət şəhəri olan Bakıda uyğun bir sahəyə Rəsulzadənin abidə heykəli yanında 28 may 1918 -ci il tarixli milli respublikanın əhəmiyyətli şəxsiyyətlərinin də bu sahə içində relyef olaraq dizayn edilməsi və sahəyə onun adının verilməsi, doğulduğu kənd olan Novxanıdaki iqamətgahın bərpa edilərək ailəsinə qaytarılması kimi təkliflər irəli sürülüb.
Mövzu ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Qaynar.info-ya açıqlamasında bildirib ki, Rəsulzadənin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı işlər görülür: "Rəsulzadənin 130 illiyinin qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalayıb. Bununla Azərbaycan höküməti məşğuldur və nəyi məqbul hesab edirsə, o məsələlər yubleylə bağlı həll ediləcək. Sərəncamda hər şey öz əksini tapıbdır, əlavə nəyəsə ehtiyac yoxdur".
"Azərbaycan Kültür Dərnəyinin təkliflər paketi Milli Məclisə müzakirə olunacaqmı?" sualına isə deputatın cavabı belə olub: "Ölkənin rəhbəri var. Cənab prezident bununla bağlı sərəncam imzalayıb və sərəncamdan irəli gələn vəzifələr də yerinə yetiriləcək. Mənim üçün ölkə başçısının sərəncamı önəmlidir".
Xatırladaq ki, ötən ay prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, 2014-cü ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur. Sərəncamla yubileyin keçirilməsinə məsul dövlət qurumları müəyyənləşdirilib. Onlara konkret tədbirlər planı hazırlamaq tapşırılıb.
Qaynar.info