Xəbər lenti

Stiv Cobsun son sözləri və onların arxasındakı böyük sirr
Dünya 23:59 22.06.2026

Stiv Cobsun son sözləri və onların arxasındakı böyük sirr

Müasir texnologiya dünyasına istiqamət verən ən təsirli fiqurlardan biri şübhəsiz Stiv Cobsdur. 1984-cü ildə "Macintosh" kompüterlərini, 2007-ci ildə isə "iPhone"u həyatımıza gətirən "Apple”ın həmtəsisçisi rəqəmsal çağın təməlini qoyan isim kimi tanınır.

Qaynarinfo xəbər verir ki, texnoloji yenilikçiliyi estetik təqdimatla birləşdirmə bacarığı onu bütün liderlər üçün bir istiqamətverici halına gətirib. 56 yaşında pankreas xərçənginə məğlub olan Cobs dünyadan köçməzdən əvvəl "Apple” CEO vəzifəsini artıq təhvil vermişdi. Lakin bu əfsanəvi liderin ölüm anına dair detallar, yaratdığı məhsullar qədər böyük maraq doğurmağa davam edir.

Cobsun bacısı Mona Simpson məşhur vizyonerin son anlarında ailəsinə baxaraq sadəcə "Oh wow. Oh wow. Oh wow" (Vay. Vay. Vay) dediyini danışdı. Simpson bu anı "The New York Times" qəzetində dərc olunmuş dəfn nitqində böyük heyrətlə bölüşüb. O, qardaşının tonun inanılmaz dərəcədə sevgi dolu olduğunu və sanki artıq bir səyahətə çıxmış kimi hiss etdirdiyini qeyd edib.

Bu son sözlərdən sonra Cobsun nəfəs alışı dəyişib və sanki dik bir yoxuşu çıxırmış kimi çətin bir prosesə daxil olub. Simpson onun ölümü sadəcə yaşamadığını, güclü iş intizamı və iradəsi ilə bu prosesi də bir növ vəzifə kimi tamamladığını bildirib. Cobs son nəfəsini verməzdən əvvəl bacısı Patti, övladları və həyat yoldaşı Laurenə uzun-uzadı baxdıqdan sonra baxışlarını onların çiyinlərinin arxasındakı bir nöqtəyə yönəldib. Məhz həmin baxışdan sonra məşhur son sözlər səslənib. Bu minimalist vida onun həyat boyu müdafiə etdiyi dizayn fəlsəfəsi ilə də paralellik göstərir.

Xərçəng diaqnozundan sonra Stenford Universitetində çıxış edən Cobs ölüm və ölümlülük haqqında diqqətçəkən fikirlər səsləndirmişdi. Ölümün hər kəs üçün eyni son nöqtə olduğunu deyən lider bunu həyatın ən böyük ixtirası adlandırmışdı. Onun fikrincə, ölüm yenilərə yer açmaq üçün köhnəni aradan qaldıran bir mexanizm idi.

Bioqrafiya yazarı Valter Ayzekson ilə müsahibəsində isə ölüm sonrası həyatla bağlı düşüncələrini bölüşmüşdü. Tanrıya inanmaq mövzusunda yarı-yarıya tərəddüd etdiyini deyən Cobs, yenə də yığılmış bilik və təcrübənin ölüm sonrası da hansısa formada davam etməsini arzuladığını bildirmişdi.

Cobsun ölümündən sonra sosial şəbəkələrdə onun son anlarında yazdığı iddia edilən bir məqalə sürətlə yayılmışdı. Davamlı maddi zənginlik arxasınca qaçmağı tənqid edən bu mətnin Cobs tərəfindən yazıldığına dair heç bir sübut tapılmayıb və bu yazı rəsmi olaraq internet əfsanəsi, yəni uydurma bir məzmun kimi qəbul edilir.

Gerçək olan tək şey Cobsun həyatını böyük bir heyrət hissi ilə bitirməsidir. O an tam olaraq nəyə "vay, vay” dediyini bilmək mümkün deyil. Ailəsinəmi, bir işıq parıltısınamı, yoxsa tamamilə başqa bir şeyəmi baxdığı heç vaxt dəqiqləşdirilə bilməyəcək bir sirr olaraq qalır.

Aydın

--> -->