Siyasət 12:55 20.12.2022

Sülhməramlıların 30 metr geri çəkilməsinin səbəbi nədir? - Ekspert

"Düşünürəm ki, bu addım baş verə biləcək hər hansı bir konfliktdən sığortalanmaq, yayınmaq məqsədilə atılıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirilən əraziyə cəlb edilmiş Rusiya sülhməramlılarının dünəndən mövqelərini 30 metr geri çəkmələrinə münasibət bildirərkən deyib. Ekspertin fikrincə, bu, taktiki gedişdir:

"Ola bilsin ki, rus sülhməramlıların normal xidmət aparmaları üçün 30 metr geri çəkilmələrinə ehtiyac yaranıb. Kontingent 30 metr geridəki şəraitin daha yararlı olduğunu nəzərə alaraq buna gedib. Hər halda sülhməramlılar etiraz edən Azərbaycan vətəndaşlarını nəzərə alaraq bunu etməyib. Bu, taktiki gedişdir. 



Sülhməramlıların 30 metr geriyə çəkilmələri ehtimal olunan konfliktlərdən qaçmaq məqsədi daşıya bilər. Aksiya iştirakçıları ilə yaxın məsafədə olmaq müəyyən psixoloji problemlər yaradır. Buna "sinir partlayışı” deyilir. Psixoloji cəhətdən hər hansı bir rus əsgər - yaranmış vəziyyətə dözməyərək, müəyyən gərginliyə yol aça bilər. Sirr deyil ki, rus əsgərlərində azərbaycanlılara qarşı bir aqressiya var. Rusiya sülhməramlıları əslində sülhməramlı kimi deyil, siyasiməramlılar kimi çıxış edirlər”. 

Həmsöhbətimizə görə, kontingentin ərazidən 30 metr geri çəkilməsi Monitorinq Qrupunun ümumi qərarı ola bilər: "Yoxsa bu, rusların ağlına belə gəlməzdi”. 

Rüfət Sultan