Xəbər lenti

Tehran Bakı və İrəvanı barışdırmaq istəyir? - Politoloq
Siyasət07:42 25.07.2023

Tehran Bakı və İrəvanı barışdırmaq istəyir? - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistan xarici işlər nazirinin Tehrana səfəri fonunda İran XİN nümayəndəsinin belə açıqlama verməsi heç də təsadüf deyil. İran Azərbaycan-Ermənistan münasibətlərində Avropa İttifaqı, Vaşinqton, hətta Rusiyanın vasitəçiliyini belə həzm edə bilmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov İran XİN nümayəndəsinin Bakı ilə İrəvan arasında sülh danışıqlarının yeni raundunu dəstəklədiyi barədə səsləndirdiyi fikirləri şərh edərkən deyib.
"Bu açıqlama onu deməyə əsas verir ki, İran danışıqlar prosesinə qoşulmaq istəyir. Son dövrlər İranın müxtəlif məmurlarının dilindən Tehranın Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında vasitəçi və tərəf kimi iştirakının mümkünlüyü məsələsi qabardılır. Amma hesab edirəm ki, bunlar əsla gerçəkləşəcək hadisə deyil. Çünki İran Azərbaycanla Ermənistana yanaşmada açıq-aşkar ikincini dəstəkləyən mövqe sərgiləyir. Digər tərəfdən, nə beynəlxalq birlik, nə Brüssel, nə Vaşinqton, nə də Moskva Tehranın prosesdə vasitəçiliyinə heç bir halda imkan verməyəcək. Bu baxımdan İranın Ermənistanın təhriki ilə hansısa bir formada prosesə qoşulmaq cəhdlər reallaşan deyil. Buna Bakı ilə İrəvan razılıq versə də belə, beynəlxalq güclər prosesdə Tehranın iştirakını məqbul hesab etməyəcəklər. Ona görə də İranın bu istəyinin reallaşma imkanları sıfıra bərabərdir”, deyə politoloq vurğulayıb. 
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani Tehranın Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni raundunu dəstəklədiyini bildirib. İranlı diplomat  qeyd edib ki, Cənubi Qafqazın Tehran üçün ciddi əhəmiyyəti var. 
"İran qonşular arasında fikir ayrılıqlarının aradan qaldırılması üzrə sülh prosesini dəstəkləyir”, - Kənani deyib. 
Rüfət Sultan