2026-cı ilin mart ayında başa çatan maliyyə ilində "Toyota Motor" qrupuna daxil olan səkkiz şirkət digər müəssisələrdəki səhmlərini ümumilikdə 935,3 milyard yen (təxminən 5,8 milyard ABŞ dolları) məbləğində satıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Nikkei" qəzeti "Toyota Motor"un maliyyə hesabatına istinadən məlumat yayıb.
Bildirilib ki, bu addım avtomobil istehsalçısının likvidliyini və kapitaldan istifadə səmərəliliyini artırmaq, eyni zamanda restrukturizasiya üçün maliyyə vəsaiti formalaşdırmaq məqsədi daşıyır.
Ümumilikdə 44 kənar şirkətdəki paylar satılıb. Bundan sonra "Toyota" qrupunun portfelində daha 94 şirkətin səhmləri qalıb. Bu göstərici dörd il əvvəl "Toyota" və onun törəmə şirkətlərinin sahib olduğu payların təxminən üçdə birinə bərabərdir.
Şirkət, həmçinin "Panasonic Holdings"dəki payını tamamilə satıb, "KDDI" telekommunikasiya şirkətindəki səhmlərinin isə bir hissəsini əlindən çıxarıb. Bundan başqa, "Renesas Electronics", "Aisan Industry", "Suzuki Motor" və "Lixil" şirkətlərindəki səhmlər də satılıb.
Bununla yanaşı, "Toyota Motor" 2023-cü ildən etibarən qrup daxilində şirkətlərin bir-birindəki qarşılıqlı səhm paketlərini də azaldır. "Nikkei"nin məlumatına görə, bu il qrupun bir çox şirkəti restrukturizasiya çərçivəsində 2026-cı il iyunun 1-dən özəl şirkətə çevrilən "Toyota Industries"dəki səhmlərini satıb.
Qeyd olunur ki, həyata keçirilən tədbirlər korporativ idarəetmənin təkmilləşdirilməsinə və elektromobil istehsalına keçidin maliyyələşdirilməsinə xidmət edir.
Aydın
Şərhlər