Xəbər lenti

Trampın andiçmə mərasimində Çini kim təmsil edəcək?
Dünya 14:37 17.01.2025

Trampın andiçmə mərasimində Çini kim təmsil edəcək?

Çin 17 yanvar, cümə günü bəyan edib ki, vitse-prezident Han Çjen Vaşinqtonda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində ölkəni təmsil edəcək.  

Qaynarinfo xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsinin açıqlamasına istinadən "The Washington Post” yazır.  

ABŞ ənənəsinə görə, dünya liderləri ABŞ prezidentlərinin andiçmə mərasimlərinə dəvət edilmir. Ancaq dekabr ayında bəzi KİV-lər yazırdı ki, Tramp Çinin prezidenti Si Szinpini mərasimə dəvət edib, lakin o, bu dəvəti qəbul etməyib.  

17 yanvar, cümə günü Çinin Xarici İşlər Nazirliyi bildirib ki, vitse-prezident respublikaçının andiçmə mərasimində Si Szinpinin "xüsusi nümayəndəsi" kimi iştirak edəcək.  

"Birləşmiş Ştatların yeni hökuməti ilə dialoq və kommunikasiyanı gücləndirmək və iki ölkənin bir-biri ilə sülh şəraitində yanaşı yaşaması üçün doğru yolu tapmaq istəyirik", – nazirliyin bəyanatında deyilir.  

Daha əvvəl "Financial Times” nəşri anonim mənbələrə istinadən məlumat vermişdi ki, Çin lideri mərasimdə onu bəzən rəsmi tədbirlərdə əvəz edən vitse-prezident Han Çjeni və ya Çinin xarici işlər naziri Van Yini göndərə bilər.  

Xatırladaq ki, Tramp vəzifəyə başladığı ilk gün Kanadadan, Meksikadan və Çindən ABŞ-a daxil olan bütün mallara tariflər tətbiq edəcəyini açıqlayıb.  

O, xüsusilə bu qərarı həmin ölkələrin narkotiklərin ABŞ-a daxil olmasına mane olmaması ilə izah edib. Tramp Çinlə, o cümlədən fentanilin böyük həcmdə daşınması ilə bağlı çoxsaylı danışıqlar apardığını, lakin nəticə əldə etmədiyini bildirib.  

Bundan sonra Çinin ABŞ-dakı səfirliyinin nümayəndəsi Lyu Penqyu bildirib ki, nə ABŞ, nə də Çin ticarət müharibəsindən qalib çıxacaq.  

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->