"Donald Trampın dövründə ABŞ-ın xarici siyasəti üzrə hər bir mövzuya aid mövqelərin dəyişməsinə hazırlıqların getdiyi göz qabağındadır".
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikovun Trampın dövründə ABŞ-ın xarici siyasətində kəskin dəyişikliklərin olmayacağı barədə fikirlərini şərh edərkən deyib.
Tofiq Zülfüqarovun fikrincə, indiki mərhələdə dünya miqyasında bir neçə mühüm mövzu var ki, ABŞ-ın yeni prezidenti Donald Tramp artıq seçki kampaniyası dövründə onlar haqqında öz mövqeyini açıqlayıb:
"O, Rusiya və Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyətə aid fikirlər səsləndirib. Habelə, Çinlə iqtisadi rəqabət mövzusuna da toxunub. Çoxları elə fikirləşir ki, həmin istiqamətlərdə ABŞ-ın siyasətində hansısa yeni fikir və mövqelər öz əksini tapacaq. Bu da onu deməyə əsas verir ki, Vaşinqtonun xarici siyasətində Trampın işə başlaması ilə müəyyən dəyişikliklər baş verəcək. Ən azından, Rusiya-Ukrayna müharibəsinə aid hansısa dəyişikliklərin olması ehtimalı daha böyükdür. Ümumiyyətlə, Trampın dövründə hər bir mövzuya aid Vaşinqtonun mövqelərinin dəyişməsi gözləniləndir. Buna hazırlıqların getdiyi də göz qabağındadır".
Həmsöhbətimiz Ukrayna müharibəsinin mövcud vəziyyətdə dondurula biləcəyini də istisna etmir:
"Trampın dövründə bu mümkün olacaq. Onun əsasında atəşkəs rejiminin tətbiqindən sonra siyasi mövzular danışıqlar yolu ilə müzakirə olunacaq. Lakin onların həll olunması təbii ki, sual altındadır. Sadəcə, ilkin mərhələ kimi, hərbi əməliyyatların dayanması baş verəcək, Ukraynanın infrastrukturunun məhv olunmasına son qoyulacaq".
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov yeni seçilmiş prezident Donald Trampın dövründə ABŞ-ın xarici siyasətində kəskin dəyişikliklərin olacağına inanmadığını bildirib. Bortnikovun fikrincə, ABŞ, Britaniya və müttəfiqləri MDB ölkələrinin müttəfiqlik münasibətlərinə kobud müdaxiləyə davam edəcəklər. FTX rəhbəri həmçinin bu ölkələri MDB-də stabillik yaradılmasında mane olmaqda ittiham edib. Bu əsasda da o, MDB ölkələrini istənilən provokasiyaya hazır olmağa çağırıb.
Rüfət Sultan
Şərhlər