Dünya 15:40 27.05.2022

Türk şahinləri Bakı səmasında - hədəfdə Orta Asiyadır

Bütün dünyanın maraqla izlədiyi "Texnofest - Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı davam edir. "Texnofest” bu il ilk dəfədir ki, Türkiyə sərhədlərindən kənar ölkədə keçirilir. Qərb mediası festivalın Azərbaycanda təşkilini siyasi və geosiyasi reallıqlar baxımından önəmli hadisə kimi dəyərləndirir.
 
Festival çərçivəsində Türkiyə və Azərbaycanın qırıcı və təlim təyyarələrinin Bakı səmasında aviaşousunin  baş tutması xüsusi marağa səbəb olub. Qırıcı təyyarlər səmada Azərbaycan və Türkiyə dövlət bayraqlarının qovuşduğu möhtəşəm çələng mənzərəsini yaradıblar. Festival bir şou təsiri bağışlasa da, Bakı səmasında türk şahinlərinin uçuşunda siyasi mesajlar axtaranlar da az deyil. Belə yanaşmanın həqiqət payı da az deyil. Belə ki, festival günlərində İran Prezidenti Seyid İbrahim Rəisi Azərbaycanın təhlükəsizliyinin əsasən İrandan asılı olduğu barədə açıqlama verib. Əslində İRİ prezidentinin bu açıqlaması birbaşa festivalın hədəf götürüldüyünün nümayişi də hesab edilə bilər. 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən hərbçi ekspert Ədalət Verdiyev bildirib ki, festival çərçivəsində hərbi təyyarələrin Bakı səmasında dövrə vurması Türkiyə və Azərbaycanla düşmənçilik aparmağa cəhd edənlərə verilən ciddi bir mesajdır:
 
"Bu festival Türkiyə ilə Azərbaycan arasında həmrəylik, dostluq, qardaşlıq festivalıdır. Azərbaycan səmasında 4 gün ərzində fasiləsiz olaraq hər iki ölkənin pilotlu və pilotsuz aviasiyasının uçuşu sıradan bir hadisə deyil. Bu, Türkiyənin daim Azərbaycanın, Azərbaycanın da öz növbəsində daim Türkiyənin yanında olduğunun nümayişi idi. Aviaşou eyni zamanda bir mesaj idi. Qonşu ölkələr də bilməlidir ki, Türkiyə və Azərbaycan birliyi daimidir və heç bir kənar qüvvə bu birliyi pozmaq, sarsıtmaq qüdrətində ola bilməz. "Texnofest” festivalı geosiyasi hadisədir. Artıq hədəfdə Orta Asiyadır. Orada da belə festivalın keçirilməsinə ehtiyac yaranıb. Türk dünyası birlik nümayiş etdirir. Bədxahların qıcqanclığına baxmayaraq, türk dünyasının əməkdaşlığı daha da inkişaf edəcək”.

Rüfət Sultan