Türkiyənin "Adana Dəmirspor" klubu Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevə 1 milyon manatdan çox ödəniş etməlidir.
"Report"un əldə etdiyi məlumata görə, bu barədə FIFA-nın Mübahisələrin Həlli Palatası qərar çıxarıb.
Ali futbol qurumu hazırda "Qarabağ"da çıxış edən 30 yaşlı qolkiperin Superliqa təmsilçisi ilə bağlı şikayətini qismən təmin edib.
Adana klubu ona ödənilməmiş mükafat olaraq 100 min ABŞ dolları (təxminən 170 min manat) verməlidir. Ş.Məmmədəliyev müqaviləsinin pozulmasına görə isə kompensasiya olaraq 607 min dollar (təxminən 1 milyon 31 min manat) almalıdır.
Hazırda maliyyə problemi ilə üzləşən "Adana Dəmirspor"un bu məbləği ödəyib-ödəmədiyi hələlik bəlli deyil.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında "Qarabağ"dan "Adana Dəmirspor"a keçmişdi. O, Superliqa klubu ilə 2 illik müqavilə imzalamışdı.
Şərhlər