Türkiyənin müxalifət yönümlü "Cümhuriyyət" qəzeti hökumətə məxsus yük avtomobillərinin Suriyada üsyançılara silah-sursat daşımasını əks etdirən videogörüntülərini yayımlayıb. Kadrların 2014-cü ilin yanvar ayında çəkildiyi iddia edilir.
ANS TV-nin verdiyi məlumata görə, Türkiyə polisi yük avtomobillərində aparılan axtarışlar zamanı çoxlu sayda artilleriya və minaatan mərmiləri, avtomat silah güllələri aşkarlayıb. Yük avtomobilləri kəşfiyyat polisi tərəfindən idarə olunub. Silahlar isə Suriya prezidenti Bəşər Əsədə qarşı döyüşən üsyançılara çatdırılmalı imiş.
Türkiyənin baş naziri Əhməd Davudoğlu Suriyada üsyançılara silah-sursat daşımasını əks etdirən videogörüntülərə münasibət bildirib. Baş nazir 2014-cü ildə çəkilən görüntülərin yenidən yayımlanmasını seçkilərə hesablandığını deyib: "Çəkinmədən söyləyirəm. Bəli, o yardımlar Bayırbucak Türkmənlərinə gedirdi. Orada Türkmən qardaşlarımız qətl ediləcək biz də izləyəcəyik? Seçkilər yaxınlaşır. Bir qəzet MİT (Milli Kəşfiyyat Təşkilatı) TIRlarını yenidən gündəmə gətirdi. Milliyətçilik iddiası ilə çıxış edən, dövlətə sahib çıxdığını iddia edən Baxçalı da bu videonu şərh edib. Ona bir dövlət dərsi verim. Dövlət sirrini ifşa edənlə iş birliyi edilməz, bu bir casusluqdur. Bəli, o yardımlar Türkmən qardaşlarımıza gedirdi. O görüntüləri yayanlar kirli oyunun içərisindədirlər. Türkiyəni beynəlxalq aləmdə alçatmağa çalışırlar. Bunu məzlum Suriya xalqına anlata biləcəklərmi? Allah şahiddir ki, heç bir məzlumu tək buraxmadıq. Buraxmayaacağıq".
Qeyd edək ki, 2014-cü ilin mayında axtarış əməliyyatının bütün iştirakçıları - 40-a yaxın polis əməkdaşı və prokurorlar həbs olunmuş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatları ölkəyə xəyanət və casusluq adlandırmışdı. Ankara əməliyyatların hökumətə qarşı çıxan Fətullah Gülənin tərəfdarları tərəfindən icra olunduğunu bildirir.
Türkiyədə ümumi seçkilərə bir həftə qaldığı bir vaxtda belə bir görüntünün ortaya çıxması rəsmi Ankaraya qarşı fakt hesab olunur.
Qaynar.info