Xəbər lenti

Uğursuz
Dünya 22:10 02.06.2025

Uğursuz "Starship" testləri İlon Maskın Mars hədəfini dəyişəcək?

"SpaceX"in qurucusu İlon Mask şirkətin hazırladığı nəhəng "Starship" raketinin uğursuz sınaqlarına baxmayaraq, Marsa insan göndərmək hədəfini tərk etmir. 

Qaynarinfo xəbər verir ki, Mask 2026-cı ildə açılacaq növbəti əlverişli buraxılış pəncərəsini dəyərləndirərək "Starship"i Qırmızı Planetə göndərmək istədiyini açıqlayıb.

Yaxın zamanlarda etdiyi çıxışında bu hədəfini bir daha vurğulayan Mask, mümkün üçüncü dünya müharibəsi ssenarisinə də toxunaraq bildirib ki, insanlığın Mars kimi başqa bir planetdə varlıq göstərməsi artıq bir lüks deyil, zərurətdir.

Mars hər il Yerə eyni məsafədə olmur. Təxminən iki ildən bir Yer və Mars bir-birinə daha da yaxınlaşır və bu dövrlər raketlərin buraxılışı üçün enerji baxımından ən səmərəli zaman sayılır. 2026-cı il də belə buraxılış imkanlarından biri olacaq və "SpaceX" bu fürsəti qaçırmaq istəmir.

"SpaceX" Maskın "Həyatı çoxplanetli hala gətirməyin yolu” başlıqlı çıxışını son sınaq uçuşundan sonra canlı yayımlamağı planlaşdırsa da, test gözləniləndən pis nəticələndiyi üçün şirkət heç bir rəsmi açıqlama vermədən həmin çıxışın 42 dəqiqəlik qeydə alınmış videosunu "X" platformasında yayımlayıb. Çıxışın dəqiq vaxtı isə açıqlanmayıb.

Mask çıxışında bildirib: "Hər bir buraxılış bir sınaqdır və hər bir test insanlığı Marsa aparacaq sistemin inkişafına bir addım daha yaxınlaşdırır. Hər buraxılış, bizi bir gün milyonlarla insanı Marsa aparacaq nöqtəyə yaxınlaşdıracaq biliklər təqdim edir.”

Testlər uğursuz olur

"Starship", Maskın Marsda daimi insan məskəni qurmaq planlarının mərkəzində dayanır. Lakin indiyə qədərki testlər bu hədəfin nə qədər çətin olduğunu açıq şəkildə göstərib. Əvvəlki iki cəhddə raket partlayıb, sonuncu testdə isə raket havalanmağı bacarsa da, təxminən 30 dəqiqə sonra idarədən çıxaraq missiyanı uğurla başa vura bilməyib.

"SpaceX" bu son uçuş öncəsində bir sıra yeniləmələr etdiyini bildirmişdi. Planlanan hədəflər arasında "Starlink" peyklərini buraxmaq, mühərrikləri yenidən işə salmaq və atmosferə dönüş zamanı raketin manevr imkanlarını sınaqdan keçirmək var idi. Lakin bu hədəflərin yalnız bir qisminə nail olunub.

Maskın sözlərinə görə, növbəti versiya – "Versiya 3" – təxminən 124 metr uzunluğunda olacaq. Bu isə İstanbuldakı 15 İyul Şəhidlər Körpüsünün dəniz səviyyəsindən olan hündürlüyünün təxminən iki misli deməkdir. Yeni "Starship" daha böyük gövdəyə, Yer orbitində yanacaq doldura biləcək yuxarı mərhələyə və təkmilləşdirilmiş "Raptor" mühərriklərinə malik olacaq. Məqsəd təkcə Marsa deyil, daha uzaq hədəflərə də çata biləcək etibarlı bir vasitə yaratmaqdır.

Mars yolçuluğu 2026-cı ilə qədər hazır olacaqmı?

"Starship" üzərində işlər sürətlə getsə də, son testlər göstərir ki, 2026-cı il bu iddialı hədəf üçün bir qədər tez ola bilər. Xatırladaq ki, Mask daha əvvəl Marsa bir "Tesla" avtomobili göndərmiş, lakin həmin missiyada raket vasitəsi avtomobili Marsa çatdıra bilməmişdi. Həmin avtomobil hələ də Günəş ətrafında nəzarətsiz bir orbitdə fırlanır.

Bu dəfəki hədəf isə daha ciddidir: insan daşımaq. Lakin bu yolçuluğun nə zaman baş tutacağı hələlik qeyri-müəyyən olaraq qalır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->