Rusiyanın Ukraynaya hücumu davam edir. Kiyev, Xarkov kimi iri şəhərlər bombardman edilir. Ukrayna mediası Rusiya ordusunun dinc əhalini də atəşə tutması barədə xəbərlər yayır. Qarşı tərəf isə iddiaları əsassız sayır, Ukraynada baş verənlərin təcavüz, hətta müharibə olmadığını, əskinə, Rusiya ordusunun xalqı nasistlərdən azad etmək üçün xüsusi əməliyyat keçirdiyini iddia edir.
Bəs Ukraynada yaşayan sadə vətəndaşlar nə düşünür?
Qaynarinfo baş verənlər barədə Ukraynanın Konotop şəhərində yaşayan Nataliya Karpenko ilə söhbətləşib:
- Nataliya, Rusiya iddia edir ki, Ukraynada baş verənlər xüsusi əməliyyatdır və Moskva xalqı nasistlərin girovluğundan xilas etməyə çalışır. Bəs siz, o cümlədən Ukraynada yaşayan digər sıravi vətəndaşlar nə düşünür, bu, doğrudan da xilasetmə əməliyyatıdır, yoxsa?..
- Bu işğaldır. Heç bir xilasetmə əməliyyatından söhbət gedə bilməz. Bizi kimdən xilas etmək istəyirlər axı? Onlar gələnə qədər biz çox yaxşı yaşayırdıq.
- Rusiya rəsmiləri iddia edir ki, Ukrayna xalqı nasistlərin girovluğundadır…
- Hansı nasistlərdən söhbət gedir? Burada nə nasist, nə də banderaçılar var. Bunlar hamısı yalandır. Onlar öz əməllərinə haqq qazandırmaq üçün belə deyirlər. Burada hamı azaddır. Hamı rus dilində, yaxud ukrayn dilində danışmaqda sərbəstdir.
- Hazırda sizin şəhərdə vəziyyət necədir?
- Bizim şəhər işğalın ilk günündən atəş altındadır. Şəhərimiz Rusiya ilə sərhəddə yerləşir. Ümumiyyətlə, vəziyyət çox pisdir. İnsanlar sığınacaqlarda yaşamaq məcburiyyətindədirlər. Çünki şəhərlər dayanmadan bombardman edilir.
- Belə iddialar var ki, şəhərləri bombalayan Ukrayna aviasiyasıdır...
- Bu yalandır. Şəhərləri bombalayan ruslardır. Onlar bizim şəhərlərimizi dağıdırlar. Uşaq bağçalarına, xəstəxanalara, yaşayış binalarına bomba atırlar. Əhalini də şəhərlərdən çıxmağa qoymurlar.
- Amma rusların sözlərinə görə, əhalinin evakuasiyasına Ukrayna ordusu mane olur...
- Əksinə, ruslar şəhəri tərk etmək istəyənlərə atəş açırlar. Bütün dünya bilsin ki, bütün bunları edən ruslardır.
- Əhalinin Prezident Zelenskiyə münasibəti necədir? Kreml onun hakimiyyətini xunta rejimi adlandırır...
- Zelenski bizim qəhərmanımızdır və xalq ondan çox razıdır. Ukrayna xalqının işğala dirəniş göstərməsində bizim prezidentin çox böyük əməyi var. Ukrayna xalqı Rusiyanın Zelenski haqqında uydurmalarına inanmır. Bir daha deyirəm o bizim qəhrəmanımızdır.
- Ukrayna xalqı dirəniş göstərməkdə davam edəcəkmi? İnsanlar nə düşünür, qorxu, xof varmı?
- Bizim xalq məğlubedilməzdir və biz işğala qarşı dirəniş göstərməkdə davam edəcəyik. Yeri gəlmişkən, mən bir sadə ukraynalı kimi Azərbaycan xalqına da təşəkkür edirəm. Bizə dəstək oldunuz. Azərbaycan dövləti Ukraynaya humanitar yardım göndərdi. Bu həmrəylik bizi çox sevindirir. Biz qalib gələcəyik!
Seyid