Xəbər lenti

Ukraynada seçki dilemması: Zelenski müharibə fonunda namizədlik mesajı verdi (ŞƏRH)
Dünya 12:52 25.02.2026

Ukraynada seçki dilemması: Zelenski müharibə fonunda namizədlik mesajı verdi (ŞƏRH)

Ukraynada son vaxtlar seçkilərin keçirilməsi məsələsi yenidən geniş müzakirə predmetinə çevrilib. Mövzuya ilk toxunanlardan biri Ukraynanın Böyük Britaniyadakı səfiri, Silahlı Qüvvələrin sabiq baş komandanı Valeri Zalujnı olub. O, prezident Volodimir Zelenskini kəskin tənqid edərək seçki məsələsini gündəmə gətirib.

Ardınca Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko da hazırkı dövlət başçısının siyasətindən narazılığını ifadə edib.
 
Artıq seçki məsələsinə münasibət bildirmək növbəsi Zelenskinin özünə çatıb. Ukrayna mətbuatının yazdığına görə, prezident bəyan edib ki, Rusiya ilə müharibə seçkilər vaxtı başa çatmasa, o, ikinci müddətə namizədliyini irəli sürməyə hazırdır. Zelenski seçkilərin keçirilməsini istəyən dairələrə müraciət edərək bildirib ki, bunun üçün ilk növbədə təhlükəsizlik  təmin olunmalı və atəşkəs əldə edilməlidir. 

Onun sözlərinə görə, danışıqlar çərçivəsində iki aylıq atəşkəs barədə razılıq əldə edilərsə, seçkilərin keçirilməsi real görünə bilər. 

Prezident seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı da mövqeyini açıqlayıb. Müharibə davam edəcəyi təqdirdə namizədliyini irəli sürəcəyini  birmənalı şəkildə bəyan edib. Sülh əldə olunduqdan sonra seçkilər keçirilərsə, hansı qərarı verəcəyini isə hələ özü üçün dəqiqləşdirmədiyini bildirib. 

Prosesin bu mərhələyə çatması onu göstərir ki, Donald Tramp administrasiyası Kiyevə seçkilərin keçirilməsi istiqamətində ciddi təzyiqlər göstərir. Halbuki, müharibə şəraitində  seçkilərin keçirilməsi Ukrayna qanunvericiliyinə görə mümkün deyil və Konstitusiya buna məhdudiyyət qoyur. Buna  baxmayaraq, görünən odur ki, Zelenski bir sıra digər məsələlərdə olduğu kimi, bu məsələdə də ABŞ-dan gələn ciddi təzyiq altındadır və müxtəlif siyasi manevrlərə əl atır ki, seçki mövzusu indiki mərhələdə arxa plana keçsin. 

Onun müharibə şəraitində seçkilər keçiriləcəyi təqdirdə namizədliyini irəli sürəcəyini qəti şəkildə bəyan etməsi də bu kontekstdə qiymətləndirilə bilər. Sirr deyil ki, Tramp administrasiyası üçün Zelenskinin hakimiyyətdə qalması arzuolunan variant sayılmır. Ağ Ev üçün əsas prioritet ən azı atəşkəsə nail olmaqdır və bu məqsədlə daha çevik və "sözəbaxan" lider modeli üstün tutulur. Zelenski isə öz tələbləri ilə Vaşinqtonun bəzi sülh planlarına maneə yaradan fiqur kimi qəbul olunur. Bu baxımdan, Tramp üçün tələb etdiyi seçkilərdə Zelenskinin iştirakı o qədər də arzuolunan deyil. Çünki onun yenidən seçilmə ehtimalı hələ də kifayət qədər yüksək qiymətləndirilir.

ABŞ-dakı müəyyən dairələrin maraqlarına uyğun namizədin qalib gəlməsi üçün müxtəlif vasitələrə əl atacağı ehtimalı da istisna edilmir. Beləliklə, Zelenskinin müharibə dövründə seçkilər keçirilərsə namizədliyini irəli sürəcəyini bəyan etməsi həm də mümkün xarici siyasi ssenarilərin qarşısını almağa hesablanmış addım kimi dəyərləndirilə bilər. Çünki Vaşinqtonun maraqlarına uyğun namizədin qələbəsi və Moskva ilə Kiyevin maraqlarına tam  uyğun olmayan sülh razılaşmasına gedilməsi Zelenskinin siyasi nüfuzuna ciddi zərbə vura bilər. Yeni hakimiyyətin atacağı mümkün  kompromis addımların məsuliyyətini əvvəlki rəhbərliyin üzərinə yıxması isə Zelenskinin siyasi karyerasının faktiki olaraq sona çatması demək ola bilər – həm də onun üçün ən arzuolunmaz ssenari üzrə... 

Rüfət Sultan

--> -->