"UNESCO erməni lobbisinin təsiri altında fəaliyyət göstərir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev işğal dövründə faktaraşdırıcı missiya qismində Azərbaycanın Qarabağ bölgəsinə gəlməkdən imtina edən UNESCO-nun müharibədən sonra səfər etmək niyyətlərini ortaya qoysa da, amma yenə də müxtəlif bəhanələrlə prosesi ləngitməsinə toxunarkən deyib:
"Azərbaycan UNESCO ilə kifayət qədər yaxşı münasibətlər qurmuşdu. Buna rəğmən Qarabağda ermənilər tərəfindən Azərbaycanın milli mədəni sərvətlərinin məhv edilməsinin qarşısını almaq üçün Azərbaycan dövləti tərəfindən dəfələrlə dəvət edilmələrinə baxmayaraq, beynəlxalq qurum nümayəndələri bu günə qədər siyasi amili bəhanə etməklə ora gəlməkdən imtina edib. Bilirsiniz ki, UNESCO-nun iqamətgahı Parisdə yerləşir. Bu isə o deməkdir ki, həmin təşkilat erməni lobbisinin təsiri altında fəaliyyət göstərir”.
Həmsöhbətimiz qeyd edib ki, Prezident bu məsələni yenidən gündəmə gətirməklə diplomatik yolla Azərbaycanın etirazını çatdırıb:
"Həm də UNESCO beynəlxalq təşkilat olsa da, hansısa dövlətlərin öz dünya siyasətlərini həyata keçirmək üçün ondan istifadə etdiyini sübut etdi. Bu qurum öz hərəkətsizliyi ilə göstərdi ki, özünə hörmət etməyən təşkilatdır. Təşkilatın Azərbaycanla bağlı siyasətində siyasi qısqanclıq və xristian həmrəyliyi hökm sürür. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdiyi kimi, inanıram ki, vəhşi ermənilər tərəfindən dağıdılan Azərbaycan abidələrini də özü bərpa edəcək. UNESCO isə özünün gələcək fəaliyyətini korrektə etməsə, beynəlxalq təşkilat olaraq tamamilə nüfuzdan düşəcək”.
"UNESCO erməniləri dəstəkləyən xaricdəki bəzi dairələrin siyasi sifarişini yerinə yetirir”.
Bu fikirlər isə Milli Məclisin deputatı Aydın Mirzəzadəyə məxsusdur:
"Azərbaycan Prezidentinin BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisilə görüşdə səsləndirdiyi iradlar tamamilə düzgündür. Prezident mədəni irslə bağlı UNESCO-nun məşğul olduğu məsələyə öz münasibətini bildirib. Amma iş burasındadır ki, UNESCO bu məsələ ilə nə məşğul olub, nə də məşğul olmaq istəyir. Səbəbini də izah etmir. Amma aydındır ki, onların bu əməlində siyasi motivlər var.
UNESCO xaricdə erməniləri dəstəkləyən bəzi dairələrin siyasi sifarişini yerinə yetirir. İşğal dövründə bu qurum Qarabağdakı Azərbaycanın tarixi və mədəni abidələrini yoxlamaqdan imtina etdi. İşğala son qoyulduqdan sonra da qurum təəssüf ki, anoloji siyasətini davam etdirir. Bu isə UNESCO-nun bu və ya digər dairələrin siyasi marağını əsas götürməklə Ermənistanın işğal dövründə mədəni isrə münasibətdə törətdiyi vandalizmə göz yumması deməkdir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dünən BMT-nin ölkəmizdəki yeni rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.
Rüfət Sultan