Xəbər lenti

Dünya 20:53 03.10.2024

"Vaşinqton Gürcüstanı əldən verməyəcək" - Politoloq

"ABŞ-ın Gürcüstanla bağlı səsləndirdiyi bəyanat "Gürcü Arzusu"nun seçkidə qələbəsinin qarşısını almağa yönəlib".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenterin hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının oktyabrda Gürcüstandakı seçkiləri azad və demokratik keçirməyəcəyi təqdirdə, Vaşinqtonun onlara qarşı tədbir görəcəyi məsələsini şərh edərkən deyib.

"Oktyabr seçkilərilə "Gürcü Arzusu" yenidən parlamentdə çoxluğa sahib olacaqsa, ABŞ bu seçkinin legitimliyini tanımayacaq. Hakim partiya seçkinin qalibi olsa nə ABŞ, nə də Qərbin digər əsas ölkələri seçkini demoktratik hesab etməyəcək. Çünki Qərbdə hesab edirlər ki, Gürcüstan əhalisinin böyük hissəsi Avropa ilə inteqrasiyanın tərəfdarıdır. Bu səbəbdən də seçkilərdə yenidən Rusiyayönümlü hakim partiyanın qalib gəlməsi Avroprayönümlülərin səsinin kəsilməsi anlamına gələcək. Belə olan halda da ABŞ nəzərdə tutulan addımları atmalı olacaq", deyə politoloq bildirib.
 


Ekspert qeyd edir ki, bununla da ABŞ başda olmaqla Qərb Gürcüstana münasibətdə əsas təzyiqlərə start verəcək:

"ABŞ bəyanatdasəsləndirilən addımları atmağa başlayacaq. Bu da öz növbəsində Vaşinqtonla Tiflis arasında münasibətlərin soyumasına və ABŞ-ın Gürcüstan üzərində patronajlığının götürülməsinə gətirib çıxaracaq. ABŞ bu fonda Tiflisə yeni sanksiyalar tətbiq edəcək, Gürcüstanın rəhbər şəxslərinin bank hesabları dondurulacaq".

Qeyd edək ki, ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası vətəndaş cəmiyyətini sarsıtmağda davam edərsə, seçkilər azad və ədalətli keçirilməzsə, ABŞ-ın demokratik normaları pozanlara qarşı tədbirlər görməyə davam edəcəyini deyib. 

ABŞ rəsmisi əlavə edib ki, belə olarsa, o zaman ölkə yaxın gələcəkdə Avropa  İttifaqına və NATO-ya üzv olmayacaq: "Biz viza siyasətimiz və demokratik  normaları pozanlara qarşı tətbiq edilən qlobal Maqnitski sanksiyaları ilə bağlı əlimizdə olan tədbirləri görməyə davam edəcəyik".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->