Siyasət 16:34 06.01.2023

Xarici şirkətlər Qarabağda nə axtarır: Mina, yoxsa...? (ŞƏRH)

"Sputnik Armenia” saytının iddiasına görə, Laçın yolunda keçirilən aksiya fonunda mina təmizlənməsilə məşğul olan HALO Trust qeyri-hökumət təşkilatının 100-ə yaxın əməkdaşı blokada vəziyyətində yaşamağa məcbur olub. Saytın iddiasına görə, bu barədə təşkilatın özü "Twitter" səhifəsində yazıb. Qeyd edilir ki, HALO Trust Britaniyanın xeyriyyə və Amerikanın qeyri-kommersiya təşkilatıdır. Bu təşkilat ərazilərin minaların və partlamayan hərbi sursatların təmizlənməsilə məşğuldur. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, sözügedən ərazidə minaların olması barədə yayılan məlumatlar dezinformasiyadır:
 
"Burada böyük bir yalan var. Qarabağın ermənilər yaşayan həmin ərazilərini Azərbaycan nə zaman minalayıb? Təbii ki, Azərbaycan bunu etməyib. İkincisi, ermənilər özləri də yaşadıqları yerləri minalamayıblar. Orada minalar yox, maksimum partlamayan sursatlar ola bilər. Onların sayı da çox azdır, orada üst-üstə partlamayan yüz raket ola bilməz. Digər tərəfdən, Azərbaycan Ordusu heç zaman yaşayış məntəqələrini vurmayıb. Bu səbəbdən erməni saytının yaydığı məlumat həqiqəti əks etdirmir”. 



Həmsöhbətimizə görə, böyük ehtimalla həmin şəxslər Azərbaycanın qızıl yataqlarının qanunsuz mənimsənilməsilə məşğul olan şirkətin əməkdaşlarıdır:
 
"Burada gizli məqamlar var. Çox güman ki, həmin şəxslər təbii sərvətlərimizin, qızıl yataqlarının qanunsuz mənimsənilməsində əli olan başqa xarici təşkilatdır, adını qəsdən mina təmizləyən təşkilat kimi təqdim edirlər. Burada 100 nəfər mina axtaranın olması inandırıcı görünmür”. 

Ekspertin fikrincə, bu tip informasiyaları dövriyyəyə buraxmaqla Azərbaycanı beynəlxalq təzyiq altında saxlamağa çalışırlar:
 
"Belə yalan informasiya qəsdən dövriyyəyə buraxılıb. Ərazidə yalnız Qarabağ erməniləri deyil, başqa xarici ölkə vətəndaşlarının da guya blokadada qaldığı ilyuziyasını yaratmaqla Azərbaycanı beynəlxalq təzyiq və hədəflə üz-üzə qoymaq istəyirlər. Məqsədləri budur. Bununla Britaniya və ABŞ-ın Azərbaycana təzyiq etməsinə çalışırlar. Belə bir hadisə baş versəydi, ən azından London orada qalan vətəndaşlarının çıxarılmasına şərait yaradılması ilə bağlı Bakıya müraciət edə bilərdi. Bir sözlə, ermənilərin iddiaları inandırıcı deyil”. 

Rüfət Sultan