"Şahlar Quliyev uzun zamandır ki, xəstə idi".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Aygün Bayramova Xalq artisti, opera müğənnisi Şahlar Quliyevin vəfatından danışarkən deyib.
Xanəndə Şahlar Quliyevin ölüm xəbərinə çox üzüldüyünü bildirib:
"Xəstə olduğundan son vaxtlar teatra da gəlmirdi. Şahlar müəllim sənətkar idi, Opera və Balet Teatrı üçün çanını qoyub. Düzdür, yaşı ilə əlaqədar illərdir ki, pensiyada idi, amma ara-sıra gəlirdi tamaşalara. Allah ona rəhmət eləsin, belə sənətkarlar çox az-az olur".
Qeyd edək ki, Xalq artisti, opera müğənnisi Şahlar Quliyev bu gün 78 yaşında vəfat edib.
Şahlar Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. İlk təhsilini elə orada alıb. 1964-1969-cu illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili komediya aktyorluğu fakültəsində oxuyub. Daha sonra Şahlar Quliyev indiki Bakı Musiqi Akademiyasına daxil olub. 1973-cü ildə həmin təhsil müəssisəsini bitirdikdən sonra o, burada 2 il Şövkət Məmmədova adına Opera studiyasında, 1975-ci ildən başlayaraq isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi çalışıb.
O, "Leyli və Məcnun”da Nofəl, "Şah İsmayıl”da Aslan şah, "Aşıq Qərib”də Şahvələd, "Sevil”də Atakişi, "Arşın mal alan”da Süleyman, "Koroğlu”da Həsən xan, "Aida”da Amonasro, "Karmen”də Eskamilio, "Payatsı”da Tonio, "Bohema”da Şonar rollarını canlandırıb. Bundan əlavə, o, 2000-ci ildə çəkilən "Qız qalası” və 2007-ci ildə lentə alınan "Bəylik dərsi” filmlərində rol alıb. 1991-ci ildə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Şahlar Quliyevlə vida mərasimi saat 14.00-da Təzə Pir məscidində keçiriləcək. Vida mərasimindən sonra cənazə dəfn olunması üçün "Qurd qapısı" qəbiristanlığına aparılacaq.
Bahar Rüstəmli
Şərhlər