Xəbər lenti

Yadigar Sadıqovun məhkəməsində gərgin anlar - FOTOLAR-YENİLƏNİB
Siyasət12:00 20.05.2014

Yadigar Sadıqovun məhkəməsində gərgin anlar - FOTOLAR-YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Zərərçəkmiş" sualları cavablandıra bilməyib

Musavat.com-un əməkdaşının verdiyi son məlumata görə, məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Vəkil Adil İsmayılovun qaldırdığı vəsatətlər qismən də olsa təmin edilib. 

Növbəti məhkəmə prosesində hadisə yerində olan şahidlərin məhkəməyə gətirilməsi ilə bağlı vəsatət də təmin olundu. 

Yadigar Sadiqov çıxışında qanunsuz olaraq, həbs edildiyini bildirdi: "Yerli və beynəlxalq təşkilatların mənim həbsimin siyasi olduğunu bəyanlaması və mənim azadlığa buraxılmağımı tələb etmələri günahsız olduğumu sübut edir".

Sonda onu da qeyd edək ki, Yadigar Sadıqovun məhkəmə prosesi 10 iyun saat 10:30-a təxirə salınıb. 

***

14:48

Bu gün Şirvan Apellyasiya Məhkəməsində Yadigar Sadıqovun məhkəməsi prosesi keçirilib. 

Məhkəmədə Müsavat Partiyasının Məclis sədri Arzu Səmədbəyli, başqan müavini Gülağa Aslanlı, Divan üzvləri İkram İsrafil, Nüşabə Sadıqlı, Almaz Əliqızı, Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədli və müsavatçı gənclər iştirak ediblər.    

Hakim Kənan Əkbərovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Rəşid Kərimov da ifadə verməyə gəlib. 

Hakim məhkəmənin heyətini elan etdikdən sonra ilk olaraq, dövlət ittihamçısı çıxış edib. 

Dövlət ittihamçısı zərərçəkmişə suallarını verdikdən sonra vəkil Adil İsmayılov da zərərçəkmişə suallar ünvanlayıb. 

Rəşid Kərimov demək olar ki, sualların əksəriyyətinə "sənəddə hər şey yazılıb" yaxud "yadımda qalmayıb" kimi cavablar verib. Zərərçəkmişin verdiyi cavablarla sənədlərdə yazılan ittihamlar üst-üstə düşməyib. 

Hətta Rəşad Kərimov "sənəddə xəbərim olmayan ifadələr yazılıb" kimi fikirlər də səsləndirib. 

Daha sonra Yadigar Sadıqov zərərçəkmişə suallarını verib. 

Yadigar Sadıqovun suallarını zərərçəkmiş ya cavablandırmayıb, ya da "mən dediyimi demişəm" kimi cavablar verib. 

Bu sorğu-sual zamanı məhkəmədə gərgin anlar yaşanıb. Belə ki, məhkəmə iştirakçıları zərərçəkmişi tənqid etdiklərinə görə, hakim onlara xəbərdarlıq edib. 

Məhkəmə prosesində 15-00-a qədər fasilə elan edilib.//musavat.com