Xəbər lenti

Yaxın illərdə nə baş verəcək və rusiyalılar bundan sonra nə edəcəklər? - Ben Hoces izah edir
Dünya 13:00 20.11.2023

Yaxın illərdə nə baş verəcək və rusiyalılar bundan sonra nə edəcəklər? - Ben Hoces izah edir

Ben Hoces
General, ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı

Ukraynanın 2023-cü ildəki hücumunu qiymətləndirməyi xahiş etdikdə, mən Rusiyanın Qara Dəniz Donanmasının komandandanından əks hücumun necə getdiyini soruşmağı məsləhət görürəm. Düşünürəm ki, o, sizə deyəcək ki, ukraynalılar əla iş görürlər, çünki onun Qara dəniz donanması Sevastopoldan daha şərq limanlarına köçürülməyə məcbur edilir.

Əks-hücum döyüş meydanında baş verənlərdən daha böyük bir şeydir. Ukrayna NATO-nun çoxprofilli əməliyyatlar adlandırdığı əməliyyatları həyata keçirir. Bu, hava, quru, dəniz, kosmos, kiberməkan deməkdir. Bütün bunlar nəticə əldə etmək üçün inteqrasiya olunur. Və təbii ki, əks-hücumun nəticəsi, məncə, Krımın azad edilməsi olmalıdır.

Bəli, əks-hücumun əsas hissəsi - insanların çoxunun diqqət yetirdiyi hissə - həqiqətən də yavaşlayıb. Lakin cənubdakı hücum yalnız məşhur körpünü kəsməklə Krımı təcrid etməyə kömək edəcək.

Ukraynanın Krımdakı Rusiyanın hədəflərini, məsələn, Sevastopol, Sakidəki aviabaza, Cankoydakı böyük logistika mərkəzini vura biləcək və ümumiyyətlə Krımı Rusiya qoşunları üçün yararsız hala sala biləcək daha çox uzaqmənzilli silahlara ehtiyacı var. Məhz indi bunlar baş verir. 
Və bu, yalnız bir neçə "Storm Shadow" raketinin köməyi ilə baş verir. Ukrayna bunlarla Rusiyanın Qara dəniz donanmasını Sevastopoldan çıxmağa məcbur etdi. Təsəvvür edin ki, Ukraynanın 300 kilometr məsafəni vura bilən heç olmasa 50 və ya 100 ATACMS və ya Almaniyanın ”Taurus” raketləri olsaydı nə olardı. Belə olan halda bütün Rusiya qərargahları və logistika mərkəzləri - təkcə Krımda deyil, bütün Zaporojye vilayətində və Xersondan Dnepr çayının o biri tərəfində yox olacaqdır. Ona görə də əks-hücumun istiqaməti və nailiyyətləri ilə bağlı bəzi tənqidçilərdən daha optimistəm. Əlbəttə ki, çatışmazlıqlar tapmaq və ya edilən səhvləri qeyd etmək olar. 

Amma məni təəccübləndirən o oldu ki, Ukrayna qüvvələri Rusiya artilleriyasına, Rusiya logistikasına diqqət yetirərək səngərlərdən və minalanmış sahələrdən keçməyin çətinliklərini dərk edərək taktikalarını necə dəyişdilər. Mən də hesab edirəm ki, indi yəqin ki, Dnepr çayının sol sahilində Ukrayna qüvvələrinin cəmləşməsi müşahidə olunur. Bu, böyük fərq yarada bilər.

İndi Ukraynada siyasi prosesə bənzər, uğursuzluğa görə kiminsə günahkar tapılması prosesi gedir, çünki çoxları üçün cənubdakı hücum uğursuzluq kimi görünür. Və insan təbiəti budur ki, işlər mükəmməl getməyəndə izahat və ya bəhanələr axtarmağa başlayırıq. Xüsusilə müəyyən bir müddət ərzində işlərin olduqca yaxşı getməsinə öyrəşdiyimiz zaman. Təbii ki, ukraynalılar ölən ailə üzvləri və ya əmlakın məhv edilməsi şəklində böyük bədəl ödəyirlər. Daimi raket və mərmilərin evinizə dəyməsi təhlükəsi var. Əlbəttə bu çətindir. Amma düşünürəm ki, prezidentiniz, baş komandanınız və digər rəhbərlər əslində çox yaxşı iş görürlər. İndi isə onların dəstəyə ehtiyacı var.

Hazırda Ukraynanın nələr yaşadığını düşünəndə sevimli prezidentim Abraham Linkolnu xatırlayıram. O, öldürülənə qədər dörd ildən çox ABŞ prezidenti olub. O, ölkəmizi parçalanmaqdan qoruyub. O, 600.000-dən çox amerikalının öldürüldüyü vətəndaş müharibəsi zamanı prezident olub. Düşünün, bu rəqəm 1865-ci ildə əhalimizin neçə faizini təşkil edirdi! Linkolnun yaxşı günləri olmayıb. Yəni hər gün çətin idi. Amma diqqətini vacib olana, üzərinə düşən məsuliyyətə yönəltməyi bacarırdı, onu məhv etməyə çalışanların tənqidinə tab gətirməyi bacarırdı. Eyni şey Corc Vaşinqtonla olub. Prezident Ruzveltlə, Uinston Çörçilllə eyni şeylər olub. Ona görə də düşünürəm ki, böyük liderlər tənqidin öhdəsindən gəlməyi bacarırlar. Və insanları həqiqətən vacib olan şeylərə yönəltməyi bacarırlar. Söhbət təbii ki, Ukraynanın və ukraynalıların sağ qalmasından gedir. 

Xəritəyə baxanda və yaxın bir neçə ildə nə baş verəcəyini düşünəndə mənə çox aydın olur ki, Krım bizim kritik ərazi dediyimiz yerdir. Krıma kim nəzarət edirsə, bu müharibədə qalib gələcək. General Zalujnı "The Economist” jurnalına verdiyi məşhur müsahibəsində Krımın əhəmiyyətini qeyd edib. Məncə, ukraynalılar başa düşürlər ki, Rusiya Krım yarımadasını işğal etdikcə, Qara və Azov dənizlərinin bütün sahillərini vura bildikcə, onlar heç vaxt təhlükəsiz olmayacaqlar.

Ruslar da bilirlər ki, Ukrayna üçün münaqişədən sonra öz iqtisadiyyatını bərpa etməsi çox, çox çətin olaraq. Mariupol və ya Berdyanskın azad edilməsindən sonra da belə Rusiya hələ də Krımı işğal edirsə, onlar hələ də Krımda otururlarsa və o böyük körpü hələ də oradadırsa, o zaman Rusiya Azov dənizinin giriş-çıxışına hökmranlıq edəcək. Bu o deməkdir ki, Mariupol və Berdyansk heç vaxt əvvəlki vəziyyətinə qayıda bilməyəcəklər. Odessa, Xerson və Nikolaevdəki Ukrayna limanları isə hücum altında və ya Krımdan Rusiya silahlarının əhatə dairəsində olmaqda davam edəcək.

Ona görə də hesab edirəm ki, qələbənin açarı Krımın azad edilməsidir. Bu isə o deməkdir ki, siz onu təcrid etməli və Rusiya qoşunlarının orada qalmasına imkan verməməlisiniz. Bunun üçün isə Sevastopol, Saki, Cankoy və bu kimi yerlərdəki bütün bazaları vura biləcək uzaq mənzilli silahlar lazımdır. Onların hamısı əlçatan olmalıdır.

Avdeyevka ilə bağlı sualı mən eyni ilə mən Baxmutla bağlı verərdim. Orada rusiyalılar minlərlə əsgərini sadəcə qırğına atmaqla itirdilər. İndi də Avdeyevkada eyni şeyi edirlər. Özünüzdən soruşun: sonra nə olacaq? Rusiyalılar bundan sonra nə edəcəklər? Demək istəyirəm ki, onların keçib Kiyevə və ya Xarkova tərəf getmək üçün istifadə edə biləcəkləri heç bir şey yoxdur. Yəni Rusiya tərəfinin əməliyyat məqsədi nədir? Mən onu görmürəm.

Onlar sadəcə olaraq minlərlə bədbəxt rus əsgərinin həyatını bu işə sərf edirlər. Xoşbəxtlikdən, ukraynalı müdafiəçilər o qədər bacarıqlı və hazırlıqlıdırlar ki, Rusiya qüvvələrinin böyük təzyiqinə baxmayaraq, orada cənhə xətti saxlamaqda davam edə bilirlər.

Ancaq bir daha təkrar edirəm: əsas səylər Krıma yönəldilməlidir. Bu ən vacib məsələdir. Siz Krımı azad edəndə, məncə, bütün başqa şeylər daha az əhəmiyyət kəsb edəcək. Düşünmürəm ki, rusları Luqansk və Donetsk maraqlandırır, sadəcə bu bölgələr quru dəhliz kimi Krımı Rostovla birləşdirir.

Ona görə də hesab edirəm ki, Ukrayna Silahlı Qüvvələrinin hazırda Krım istiqamətində göstərdiyi səylər çox vacibdir. Təbii ki, orada baş verən hər şeyi bilmirəm. Yəni demək istəyirəm ki, mənim heç bir məxfi məlumatım yoxdur. Mən sadəcə xəritəyə baxıram və açıq mənbələri oxuyuram. Və mən hesab edirəm ki, Ukraynanın Krımı Rusiya qoşunları üçün yararsız hala gətirmək səyləri məhz diqqət mərkəzində olmalıdır.

Ukrayna Silahlı Qüvvələrinin əsas vəzifələrindən birinin F-16-lar Ukraynaya gələnə qədər duruş gətirməli olduğu ilə razıyammı? Xeyr, mən başqa cür deyərdim. Ukrayna silahlı qüvvələri, görünür, Krım yarımadasına doğru işlərini davam etdirir və bu, rusların orada qalmasını qeyri-mümkün edir. Beləliklə, Dneprdən keçərək, plasdarmı genişləndirərək, Krıma çata bilən ”Himars”ları və digər silahları irəli çəkməklə  Rusiya logistikasını və Rusiya artilleriyasını məhv edərək yarımadanı  yararsız hala sala bilərlər. İndi orada məhz bu baş verir. Ukrayna Silahlı Qüvvələrinin bunu necə etdiyi məni heyrətə gətirir.

İkincisi, Ukraynanın hansısa silah gözləyəcəyini düşünmürəm. Rastlaşdığınız şərtlərlə və sahib olduqlarınızla əlinizdən gələni edəcəksiniz. USQ Rusiya qüvvələrinə təzyiq göstərməyə davam edəcək; ruslara müdafiəni gücləndirmək və ya yeni qoşunlar yetişdirmək üçün bir dənə də olsun boş gün verməyin. Ukrayna bacardığı qədər dronlarla, artilleriya ilə Rusiya qoşunlarına təzyiq göstərməyə davam etməlidir. Və xüsusən də Rusiya logistikası təzyiq altında olmalıdır. 

Mən indi rus əsgərinin yerində olmaq istəməzdim. Noyabrın ortalarında dəhşətli maddi-texniki təchizat və isti yemək alıb-almamağımla və ya ümumiyyətlə nə etdiyimlə maraqlanmayan komandirlərlə bir səngərdə dayanmaq istəməzdim. Ona görə də düşünürəm ki, Ukrayna hərbçiləri Rusiyanın logistika sisteminə hücumunu davam etdirəcək, onu zəiflədəcək, Rusiya qoşunlarını daha da zəiflədəcək. Nəhayət, F-16-lar gələndə (nə vaxt gələcəklərini bilmirəm), Ukrayna onlardan hər kəsin təsəvvür edə biləcəyindən daha sürətli istifadə etməyə hazır olacaq.
Ancaq Ukrayna komandanlığı onlardan boşuna istifadə etməyəcək. Demək istədiyim odur ki, nəinki pilot təlimləri keçiriləcək, həm də F-16 gələnə qədər ondan istifadənin daha yaxşı yolları artıq tapılmış olacaq. Axı, sadəcə olaraq bir təyyarəni idarə etmək və çox güclü Rusiya hava hücumundan müdafiəsinə qarşı döyüşdə istifadə etmək arasında böyük fərq var. Onu da nəzərə alın ki, rusiyalıların da Qərb təyyarələrinə qarşı hazırlaşmaq üçün aylarla vaxtı olub.  Ona görə də mən hesab edirəm ki, biz Ukraynanın bu F-16-ları çox ağıllı şəkildə istifadə edəcəyini görəcəyik.

Ona görə də Ukrayna sadəcə F-16-nı gözləmək əvəzinə, o vaxta qədər təzyiq edəcək. Təsəvvür edin ki, siz russunuz və düşünürsünüz ki, "Aman Allah, ukraynalılar mənə təzyiq edirlər. Və bu hələ F-16-lar gəlmədən baş verir”. O zaman vəziyyətə tamamilə fərqli baxış bucağınız olacaq.

Rusiya logistika sistemi heç vaxt Rusiyadan kənarda uzun müddət Rusiya əməliyyatlarını dəstəkləmək üçün nəzərdə tutulmayıb. Demək istədiyim odur ki, müasir ordunun maddi-texniki təchizatı - su, yanacaq, döyüş sursatı, yemək, tibbi xidmət, qış geyimləri, yeni çəkmələr və 300 min əsgəri olan bir orduya lazım olan hər şey haradansa gəlməlidir. Cəbhə xəttinə çatmalıdır.

Bundan əlavə, rusların çox sayda yük maşınlarını itirdiyini nəzərə alın. Onların arxa cəbhəsi partizanların, diversiya qruplarının, artilleriya və raket hücumlarının davamlı təzyiqi altındadır. Məsələn, artilleriya sursatlarının daşınması çox çətindir. Bu, təhlükəli və ağır işdir. Və siz sadəcə sursatları poçtla göndərə bilməzsiniz. Beləliklə, paylama şəbəkəsi Rusiya logistika sisteminin həssas hissəsidir. Ukraynalılar da bu şəbəkəni hədəfə alırlar. Və gördüyüm odur ki, Rusiya logistika sisteminin vəzifələri, xüsusən də Ukrayna artilleriyasının bu cür təzyiqi altında çağırışlara adekvat deyil.

Ukrayna həm də logistika sisteminin fəaliyyəti ilə bağlı müəyyən çətinliklərlə üzləşir. Ötən ilin fevralına qədər Ukraynada belə miqyasda logistika sistemi yaradılmamışdı. O, genişmiqyaslı rus işğalının əvvəlindən inkişaf etdirilməli idi, baxmayaraq ki, əslində bu, böyük müharibədən əvvəl də nəzərə alınmalı idi. Beləliklə, Ukrayna ötən ilin fevralına qədər olan vaxtdan düzgün istifadə etməyib.

Ancaq indi sizin ehtiyacınız olan yerə çatdıran bir paylama şəbəkəniz var. Düşünürəm ki, onu da qeyd etmək yerinə düşər ki, səhv etmirəmsə, ruslar Polşadan Ukraynaya sursat və texnika daşıyan bir qatarı və ya karvanı məhv etməyiblər. Ruslar bunu edə bilmədilər. Təbii ki, onlar cəbhəyə yaxınlaşanda bəzi şeyləri vurmağa qadirdirlər. Ancaq Ukraynaya Polşadan gələnlər - nə bir qatar, nə də bir karvan vurulub. Bu, Ukraynaya lazım olanı Qərbdən gətirən əsas kommunikasiya xəttini kəsə bilməyən rusların böyük uğursuzluğudur.

General Zalujnının "The Economist”ə müsahibəsi və nəşrə yazdığı esse əslində çox əhəmiyyətli idi. Bu, baş verənlərə və bununla bağlı nə etməli olduğuna dair çox ayıq, aydın, peşəkar qiymətləndirmə idi. Zalujnı bu çıxılmaz vəziyyətdən çıxmaq və müharibənin sonuna qədər səngərlərdə oturmamaq üçün nə lazım olduğunu aydın şəkildə ortaya qoydu. Axı bu cür səngərdə oturmaq Rusiyanın istəyidir. O, ABŞ, Almaniya, Böyük Britaniya, Fransa və digər ölkələrin səbrinin tükənəcəyi ümidi ilə uzun sürən müharibə istəyir. Amma bu yanlış fikirdir.
Axı Zalujnı bilir ki, müharibənin dalana dirənəcək müharibəyə çevrilməsinə imkan vermək Ukrayna üçün yaxşı deyil. Düşünürəm ki, sülh dövründən fərqli olaraq indi, effektiv texnologiyaların ortaya çıxma potensialı daha yüksəkdir. Fikirləşin: iki il əvvəl neçə nəfər Ukrayna Hərbi Dəniz Qüvvələrinin dronlarının, pilotsuz qayıqların Rusiya donanmasının gəmilərini məhv edə biləcəyini təsəvvür edə bilərdi? İndi bu, demək olar ki, adi bir şeyə çevrilib. Mən bilirəm ki, Ukraynada yaxşı insanlar və Ukraynaya kömək edən, döyüş meydanında hərəkətliliyi bərpa etməyə kömək edəcək imkanlar üzərində çalışan insanlar var. Və təbii ki, Zalujninin əslində öz əsgərlərini, artilleriyasını və maddi-texniki bazasını Rusiya dronlarından necə qorumağın yollarını axtarması çox böyük müsbət haldır.

Yeri gəlmişkən, inanın ki, həm ABŞ, həm də Almaniya həqiqətən sizin özünüzü bu dronlardan necə qoruduğunuzu bilmək istəyirlər. İngilislər də bunu necə etdiyinizi bilmək istəyirlər. Çünki dronlar indi çox yayılıb. Və düşünürəm ki, Zalujnı və onun komandası çox fəal şəkildə silahlı qüvvələrini qorumaq yollarını axtarır.

Bilirsiniz, ruslar da dronlardan kütləvi şəkildə, geniş miqyasda istifadə etmək bacarığını nümayiş etdirdilər. Ona görə də Ukraynanın yanaşması texniki yanaşma olacaq. Bu, hərbi-texniki yanaşma olacaq. Və mən hesab edirəm ki, növbəti dəfə danışanda bu sahədə daha çox irəliləyiş görəcəyik. Düşünürəm ki, biz həm havada, həm də suda dron texnologiyasında gələcək inkişafları görəcəyik. Onlar getdikcə daha səmərəli olacaqlar.

Mən, həmçinin düşünürəm ki, süni intellektlə bağlı texnologiyalar inkişaf edəcək. O cümlədən kəşfiyyat sahəsində. Süni intellekt hədəfləri daha tez tapmağa və onları daha sürətli vurmağa kömək etməlidir. Amma bu yeni bir şey olmayacaq. Bu, daha çox yenilənmiş bir şey, artıq işlətdiyimiz texnologiyanın təkmilləşdirilmiş versiyası olacaq. 

Uzun mənzilli dəqiq silahlar hazırlanacaq. Üç yüz, dörd yüz və ya beş yüz kilometr məsafədən hədəfi dəqiq vurmaq bacarığı indi hər kəsin sahib olmaq istədiyi qabiliyyətdir. Bu cür silahlar sayəsində Ukrayna sözün əsl mənasında gəmiləri olmadan Qara dəniz donanmasını qismən məğlub etdi.

Nəhayət, nəyin eyni cür qalacağını qeyd etmək istərdim. Çinlilərin baritı kəşf etdiyi zamandan bu günə qədər orduda həqiqətən yaxşı nizam-intizam, yaxşı təlim keçmiş qadın və kişilərin olması vacibdir. Yəni, hər şey bütün bu texnologiyalardan istifadə edərək döyüşə bilən, lazım olanı edə bilən yüksək keyfiyyətli kadrlardan asılıdır.

Mənbə: Nv.ua

Tərcümə: Nizami Bağırov
Qaynarinfo

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->