Xəbər lenti

Yoxa çıxan uşaq verilişləri, unudulan körpələr:
Ölkə 22:21 30.09.2024

Yoxa çıxan uşaq verilişləri, unudulan körpələr: "Nazirlik işin öhdəsindən gələ bilmir"

Azərbaycan teleməkanında uşaq verilişlərinin sayı olduqca azdır. Maraqlıdır ki, əvəllər bütün kanallar uşaq verilişlərinə ən azı sutkada bir saatlıq vaxt ayırırdı. Həmin verilişlərdə uşaqların həm maariflənməsini, həm əylənməsi təmin edilirdi. 

Ailələr üçün telekanallarda uşaq verilişlərinin olması mühümdür. Ən azı ona görə ki, uşaqların asudə vaxtlarını istədikləri məkanda təşkil etməkdə çətinlik çəkir. Buna səbəb uşaqların əylənməsi təşkil olunan məkanların - park və kinoklublara girişin baha olmasıdır.

Bəs uşaq verilişlərinin sayının birdən-birə azalmasına səbəbi nədir? 

Qaynarinfo bu problemin səbəbini axtarmağa çalışıb. 

Təhsil eksperti Elçin Əfəndiyev Qaynarinfo-ya hazırda uşaqlar üçün "ARB Günəş" kanalınının fəaliyyət göstərdiyini bildirib:



"Bu kanal ancaq uşaqlara həsr olunub. Digər kanallarda uşaq verilişlərinin yayımlanmasını müşahidə etmirik. Əvəllər müəyyən intellektual oyunlar, yarışmalar keçirilirdi, yaxud da axşam saatlarında cizgi filmləri nümayiş olunurdu. Bundan əlavə hekayələr və s. danışılırdı. Son dövrlərdə bunların heç biri yoxdur".

Elçin Əfəndiyev hesab edir ki, bununla bağlı Mətbuat Şurası, eyni zamanda müvafiq audivizual şuralar konkret mövqe nümayiş etdirməlidir:

"Dövlət televiziyalarında, hətta özəl kanallarda heç olmasa yarım saatlıq uşaqlarla bağlı veriliş olsa, çox yaxşı olar. İntelektual yarışmalar, oyunların keçirilməsi onların bilik və bacarıqlarına təsir edəcək verilişlərin yayımlanması vacibdir".

Uşaq və Gənclər Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan deyir ki, gənclərin hesabına Qarabağı azad olunub:



"Hər kəsdə bir az arxayınçılıq yaranıb. Uşaqlar doğrudan da yadımızdan çıxıb. Fərdi qaydada uşaq televiziyaları, studiyaları, uşaq internet klubları və s. yarada bilərik. Amma bunların hamısını idarə edəcək bir mərkəzə ehtiyac var. Hansı mərkəzə? Uşaqların hamısına ümumi bir proqram əsasında ardıcıl şəkildə dərs keçəcək, istiqamətləndirə biləcək quruma ehtiyacımız var. Uşaq bağçaları Bakı Şəhər İcra Hakimiyyətindən alınıb Elm və Təhsil Nazirliyinə verilib. Nazirlik isə işin öhdəsindən gələ bilmir. Niyə? Çünki bunu ayrıca bir qurum idarə etməlidir. Belə bir qurumda isə peşəkar mütəxəsislər olmalıdır. Bunların hər biri sabah böyük problemlərə gətirib çıxara biləcək. Əvvəl yayımlanan uşaq verilişlərin əksəriyyəti yoxa çıxıb. Bir necə veriliş qalıb. Universitetlərdə uşaq mütəxəssislərinin yetişdirilməsi xüsusi diqqət tələb edir".

İntiqam Soltan 15 il bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət etdiyini də xatırladıb:

"Uşaq teatırının əməkdaşlarının əmək haqlarına diqqət etmək lazımdır. Onlar maddiyyatlarından arxayın olmalıdırlar ki, uşaqların təlim-tərbiyyəsi ilə arxayın məşğul ola bilsinlər. Onlar bu məktubu "görmədilər". Düzdür, hər şeyi dövlətdən gözləyə bilmərik. Hər şeyi dövlət etməli deyil. Bu qədər qeyri-hökumət təşkilatları niyə yaranıb? Bu qədər özəl təşkilatlara niyə meydan verilib? Görün, nə qədər uşaq təşkilatları var, ortaya qoyduqları bir iş varmı? Mənim bir qohumum var, gedib Hindistanda uşaq məktəbində təhsil aldı, bitirib Sinqapurda işləməyə başladı. Niyə? Çünki burada ona imkan tanınmadı. Mütəxəssislərimizi niyə əldən veririk? Bu bir reallıqdır. Bütün uşaq QHT-i birləşib qurum halında dövlətə yeni bir mərkəzin yaranması ilə bağlı təklif verməlidir. Zəif nöqtələri inkişaf etdirmək lazımdır".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->