Gənc qapıçı Rza Cəfərov nəhayət ki, "Neftçi”dən canını qurtardı. Mövsümün əvvəlindən bəri nə Samir Abasov, nə də Yuri Vernidub adama oynamaq, özünü göstərmək üçün bircə dəqiqə də olsun şans vermədi. Əsasən də Samir Abasov Rzaya qarşı haqsızlıq etdi, "Kəpəz” və MOİK kimi güclü sayılmayan rəqiblərlə oyunlarda belə "çərçivə”ni ona tapşırmadı. Belə çıxır ki, Cəfərova "Neftçi”nin qapısı etibar ediləcək qapıçı deyilmiş.
Rəhbərlik də bu acınacaqlı vəziyyəti müşahidə etməklə kifayətləndi. Halbuki, Rza Cəfərov "Neftçi”nin öz yetirməsi idi. Klub yetirməsinin üstündə əsməli, onu qorumalı və daha da püxtələşməsinə yardımçı olmalıydı. Özü də Rza Cəfərov buna layiq olduğunu sübut etmişdi. Gənc qapıçı xorvatiyalı "çərçivə” qoruyucusu İvan Brkiçlə rəqabətdən qalib çıxmış, onu ehtiyata göndərməyi bacarmışdı. Ondan sonra Cəfərovda özünə inam yaranmışdı, qısa müddətdə özünü yaxşı tərəfdən göstərib, milli komandaya da dəvət almış, rəsmi görüşdə meydana çıxmışdı. Bu prosesin davamını gətirmək, Cəfərovun istedadını daha çox asmasına, onun daha etibarlı qapıçıya çevrilməsinə dəstək göstərmək lazım idi.
Bəs "Neftçi” nə etdi? Kenan Piriç "Neftçi”yə gətirildi, onu "1 nömrə”yə çevirdilər. Bundan sonra faktiki olaraq Rza Cəfərov üçüncü dərəcəli qapıçı oldu. Elə bunun da nəticəsi idi ki, xüsusi bir əhəmiyyəti olmayan "Kəpəz” və MOİK-lə oyunlarda belə Rza yada düşmədi, ehtiyat oyunçular skamyasından çıxmadı. Məlum məsələdi ki, bu durum Cəfərovun ürəyincə ola bilməzdi. O da ilk imkandaca "Neftçi”dən ayrılmaq, daha çox oynaya biləcəyi yerə üz tutmaq istəyirdi. Amma "Neftçi” rəhbərliyi konkret Rzanı əsir götürmüşdü. Nə oynamağa şans verirdilər, nə də buraxırdılar ki, gedib başqa yerdə oynasın. Özü də Rzanın oynaması, formada olması təkcə "Neftçi” üçün vacib deyildi. Söhbət milli komandanın mənafeyindən gedirdi. Şahruddin Məhəmmədəliyevin zədələnməsindən sonra Ayxan Abbasovun milli komandada qapıya qoymağa qapıçı tapa bilməməsi yaxın keçmişin acı reallığıdır.
Kenan Piriçin etibarlı qapıçı olmadığını biz onun Premyer Liqa oyunlarında buraxdığı səhvlərdən də görmüşük. Elə statistika da bunu deyir. 17 tura 17 top buraxmaq heç də bir əcnəbi qapıçının öyünəcəyi statistika deyil. Hər oyunu ortalama bir qol düşür. Bu səhvlərə, biabırçı statistikaya baxmayaraq "Neftçi”nin məşqçilərinin yerli qapıçılara şans verməməsi xeyli təəccüblüdür. İndi də öyünürlər ki, Rzayla müqaviləni 2027/28-ci il mövsümünün sonuna qədər uzadıblar. Guya ki, Rza qədri bilən olublar. Siz Rzanın qədrini bilən olsaydız, 22 yaşlı qapıçını özünüzdən küsdürməzdiz, ona oynamağa şans verərdiz. Əksini etdilər, gənc qapıçının klubdan küsdürülməsi üçün ciddi-cəhdlə çalışdılar.
Dünən "feysbuk”da bir azarkeşin şərhini gördüm. Yazmışdı ki, gün gələcək "Neftçi” veteranı” deyəndə ortaya çıxarmağa heç kimi tapmayacaqlar. Çünki hazırda klubda forma geyinən yetirmələrinin, yerli futbolçuların sayı yox dərəcəsindədir. Görünən odur ki, bu durum heç rəhbərliyin özünü də narahat etmir. Çünki rəhbərlikdə də əsl "Neftçi”li olan, klubu səmimi şəkildə sevən kimsə yoxdur. Nə günlərə qaldın, "Neftçi”?!
Amal Abuşov
Şərhlər