"2029-cu ildə Azərbaycanda əhalinin ilk dəfə rəqəmsal formatda siyahıyaalınmasının keçirilməsi dövlətin gələcək sosial-iqtisadi planlaşdırması baxımından mühüm əhəmiyyət kəsb edir".
Bu fikri Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli səsləndirib.
Onun sözlərinə görə, siyahıyaalma nəticəsində əhalinin sayı, yaş qrupları, etnik tərkibi və digər sosial-demoqrafik göstəricilər barədə məlumatlar yenilənir və bu məlumatlar dövlət qurumlarının qərarvermə prosesində mühüm rol oynayır:
"Bu məlumatlar Dövlət Statistika Komitəsinin və digər aidiyyəti qurumların məlumat bazasına daxil edilir. Sonrakı illərdə həyata keçiriləcək sosial və iqtisadi proqramların hazırlanması məhz həmin statistik göstəricilərə əsaslanır. Buna görə də siyahıyaalma son dərəcə vacib prosesdir. Əgər proses düzgün təşkil olunarsa, Azərbaycanda mövcud problemlərin daha dəqiq müəyyənləşdirilməsinə və onların həlli istiqamətində daha səmərəli qərarların qəbuluna ciddi töhfə verə bilər".
İqtisadçı bildirib ki, dünyanın bir çox ölkəsinin təcrübəsi siyahıyaalmanın dövlət idarəçiliyində mühüm rol oynadığını göstərir:
"Digər ölkələrin təcrübəsində də görmüşük ki, siyahıyaalmadan sonra əvvəllər tam görünməyən sosial və demoqrafik problemlər üzə çıxır. Əldə olunan nəticələr əsasında yeni qərarlar qəbul edilir və dövlət siyasətinə düzəlişlər olunur".
Qeyd edək ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, 2029-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınması ilk dəfə rəqəmsal formatda keçiriləcək. Siyahıyaalma oktyabrın 1-dən 31-dək davam edəcək və ölkənin bütün suveren ərazisini əhatə edəcək.
Bahar Rüstəmli
Şərhlər