ABŞ Dövlət katibi Marko Rubio 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən təbrikdə deyilir.
"Amerika xalqı adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etmək istəyirəm. Biz Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyirik. ABŞ Cənubi Qafqazın çiçəklənməsi üçün son dərəcə vacib olan regionda sülh və sabitliyin təşviqi səylərini dəstəkləməkdə davam edir.
Biz bu il Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətni üzrə əldə etdiyi razılaşmanı qeyd edirik. Biz, həmçinin Azərbaycanın enerji təchizatçısı və nəqliyyat qovşağı kimi artan əhəmiyyətini tanıyırıq. Son 33 il ərzində qurulmuş tərəfdaşlığımız təhlükəsizlik, enerji əməkdaşlığı və iqtisadi artım sahələrində ümumi maraqları irəli sürməyə davam edir. Biz əməkdaşlığımızı dərinləşdirməyə və Azərbaycan və bütün region üçün dinc, firavan gələcəyi təmin etmək üçün birgə işləməyi səbirsizliklə gözləyirik”, - deyə Rubio əlavə edib.
Şərhlər