ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın şərqində ABŞ və koalisiya qüvvələri üçün təhlükə yaradan bir neçə hərbi texnikanı məhv etdiklərini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, ABŞ hərbi komandanlığının 3 dekabrda yaydığı məlumata görə, MSS Euphrates adlı hərbi oporn məntəqəsində ABŞ qüvvələrinə hücum edən silah sistemləri hədəfə
alınıb.
Məhv edilən texnika və silahlar arasında:
- Üç reaktiv yaylım atəş sistemi (RSZO);
- T-64 tankı;
- BTR (zirehli transportyor);
- Minaatanlar olub.
ABŞ ordusu bildirib ki, bu texnika və silahlar ABŞ və koalisiya qüvvələri üçün "aydın və dərhal təhlükə yaradırdı".
Məlumata görə, ABŞ bazalarına RSZO, BTR və minaatanlardan hücum həyata keçirilib. Buna cavab olaraq zərbələr endirilib. Hücumun hansı silahlı qrup tərəfindən təşkil edildiyi dəqiq göstərilməyib.
ABŞ hərbçiləri vurğulayıb ki, bu hadisələr Suriyanın şimal-qərbində, Əsəd rejiminə qarşı müxalif qüvvələrin hücumları ilə əlaqəli deyil.
ABŞ-ın Suriyadakı missiyası dəyişməz olaraq qalır və əsas məqsəd İŞİD-in tam məğlubiyyətidir.
Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi 2011-ci ildən bəri davam edir. 1 dekabr tarixində müxalif qüvvələr Əsəd rejimini ölkənin ikinci ən böyük şəhəri olan Hələbdən tamamilə sıxışdırıb çıxarıb. Bu əməliyyat müxalifətin 2016-cı ildən bəri ən böyük hücumu kimi qiymətləndirilir.
Alpər
Şərhlər