Dünya 12:35 21.09.2022

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar elan etdi

Ukraynanın işğal olunmuş rayonlarının Kremlyönlü administrasiyaları eyni vaxtda Rusiya Federasiyasına qoşulmaq üçün referendum elan etdikdən sonra ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyalar paketi təklif ediblər.

Merilend ştatından demokrat Kris van Hollen və Pensilvaniya ştatından respublikaçı Pet Tuumi Rusiya nefti, neft məhsulları, qaz və kömür tədarükünə yeni məhdudiyyətlərin tətbiqini zəruri hesab edirlər, - Senatın saytında dərc olunmuş birgə bəyanatında deyilir.

Van Hollen və Tuuminin fikrincə, ABŞ administrasiyası Ukraynada müharibə başlayandan sonra Rusiya enerji məhsullarının alışını artıran ölkələrə ikinci dərəcəli sanksiyalar tətbiq etməlidir.

Alıcı ölkələrin hər biri üçün, senatorların fikrincə, Rusiyadan idxala həddi - müharibədən əvvəlki orta qiymətlər səviyyəsində müəyyən etmək lazımdır. Əvvəlki həcmləri "əhəmiyyətli dərəcədə” üstələyən dövlətlər ABŞ Maliyyə nazirliyinə cavab verməlidir. Senatorlar Maliyyə nazirliyinə bloklayıcı sanksiyalar tətbiq etmək hüququ verilməsini və limitdən artıq əmtəə ticarətinə xidmət göstərən bankların müxbir hesablarının dondurulmasını təklif edirlər.

Eyni zamanda, van Hollen və Tuumi Co Bayden administrasiyasını Rusiya neftinə "qiymət tavanı” təyin etməkdə Aİ-lə həmrəy olmağa çağırırlar, üstəlik, bu, Rusiya neftinin qiymətini istehsal zərəri nöqtəsinə çatana qədər hər il üçdə bir azaldılmalıdır. ABŞ Maliyyə nazirliyinin məlumatına görə, bu, bir barel üçün 44 dollar səviyyəsidir – bundan aşağı qiymətlərlə Rusiyanın yeraltı sərvətlərindən neftin çıxarılması rentabelsiz olur.

Senatorların fikrincə, "tavandan yuxarı qiymətlərlə ödənişlər edən banklar da ikinci dərəcəli sanksiyalara məruz qalmalıdırlar – müxbir hesabların bloklanması və dollarla hesablaşmaların faktiki olaraq kəsilməsi ilə.

Van Hollen və Tuumi vurğulayırlar ki, yeni sanksiyalar paketi "Rusiyanın təcavüzünü dəf etmək" üçün "Ukraynaya kömək etməkdə kritik komponent" olmalıdır. Senatorların bəyanatında deyilir ki, sanksiyaların məqsədi "Rusiyanın enerji gəlirlərini azaltmaqla” prezident Vladimir Putinin müharibə maşınının "maliyyəsini kəsmək”dir.

Nizami Bağırov