Vaşinqton 2025-ci ilin iyul ayından etibarən yenilənmiş B61-13 tipli nüvə qravitasiya bombalarının seriyalı istehsalına başlayacaq. Bu bombalar strateji aviasiya təyyarələrinə yerləşdiriləcək.
Qaynarinfo İnterfaks-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Milli Nüvə Təhlükəsizliyi Agentliyi (NNSA) məlumat
verib.
ABŞ hökumətinin planına əsasən, təkmilləşdirilmiş nüvə aviasiya bombalarının istehsalı 2027-ci ildə başa çatacaq. Hər bir bombanın qiyməti təxminən 30 milyon dollar təşkil edir. Döyüş başlıqlarının texniki təkmilləşdirilməsi NNSA-ya bağlı altı mərkəzdə aparılır, yekun yığım isə Texas ştatının Amarillo şəhərində yerləşən Pantex Plant zavodunda həyata keçirilir.
Yeni B61-13 bombasının çəkisi 320 kiloqramdan çoxdur və ona yeni quyruq stabilizatoru əlavə edilib. Bunun sayəsində bomba idarəolunan olub və dəqiqliyi artırılıb. Artıq onu yüksək hündürlükdən buraxmaq mümkündür (əvvəlki versiyalarda paraşütlə enirdi) — bomba hədəfə doğru onlarla kilometr məsafəni muxtar şəkildə qət edir və uçuş zamanı trayektoriyasını özü tənzimləyir.
Modernləşdirilmiş bombalar B-2 Spirit bombardmançılarına və hazırda hazırlanmaqda olan B-21 Raider təyyarələrinə quraşdırılacaq. Onlar ABŞ-ın materikdəki hərbi bazalarında saxlanılacaq. Yeni B61-13 bombalarının əsas təyinatı — daha möhkəm və böyük hərbi hədəfləri, o cümlədən yeraltı bunkerləri və komanda məntəqələrini məhv etməkdir.
ABŞ-ın energetika naziri Kris Rayt 19 may tarixində ilk B61-13 nümunəsinin planlaşdırılmış qrafikdən bir il əvvəl istehsalının başa çatdığını bildirib. Qeyd olunur ki, bu yeni silahın hazırlanması cəmi iki il çəkib — Pentaqon onun yaradılacağını 2023-cü ilin oktyabrında, "potensial rəqiblərdən gələn artan təhdidlər” fonunda elan etmişdi.
Nazirin sözlərinə görə, bu fakt ABŞ-ın qlobal təhlükəsizlik sahəsində artan çağırışlara yeni, qeyri-sabit dövrdə çevik şəkildə cavab vermək qabiliyyətini nümayiş etdirir. "ABŞ-ın nüvə arsenalının modernləşdirilməsi prezident Donald Trampın ‘Güc vasitəsilə sülh’ konsepsiyasını həyata keçirmək üçün həlledici əhəmiyyət daşıyır”, – deyə o vurğulayıb.
Alpər
Şərhlər