Xəbər lenti

ATƏT PA sədrinin Azərbaycan səfəri nə məqsəd daşıyır? (ŞƏRH)
Siyasət 20:10 13.11.2023

ATƏT PA sədrinin Azərbaycan səfəri nə məqsəd daşıyır? (ŞƏRH)

"Ümid edirəm ki, İlham Əliyev kifayət qədər tutarlı arqumentlərlə ATƏT PA-nın yeni prezidentini bu məsələnin artıq bitdiyinə və Minsk qrupunun roluna artıq ehtiyacın qalmadığına inandıra biləcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında  beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev ATƏT PA-nın prezidenti Pia Kaumanın Azərbaycana səfərini şərh edərkən deyib.

Ekspert qeyd edib ki, Azərbaycanın ATƏT-in Parlament Assambleyası ilə əməkdaşlığı uzun müddətdir ki, davam edir:

”Həmin parlamentdə Azərbaycan nümayəndə heyəti də təmsil olunur. Çünki ATƏT Parlament  Assambleyası quruma üzv ölkələrin parlament üzvlərindən təşkil olunub. Pia Kaumanın səfəri  fonunda müzakirə olunacaq məsələlər sözsüz ki, regionda cərəyan edən proseslər olacaq. Hesab edirəm ki, ATƏT PA sədrinin səfəri ilk növbədə birinci mənbədən bir çox informasiyalar almaqda uğurlu addım olacaq. ATƏT PA digərlərilə müqayisədə son illər ölkəmizlə bağlı hər hansı bir ciddi addım atmayıb. Amma onu da unutmayaq ki, Minsk qrupu adlanan qurum hələ də ATƏT-in gündəliyində qalmaqdadır. Hələ ki, Minsk qrupunun buraxılması rəsmi olaraq elan olunmayıb. Hesab edirəm ki, Azərbaycan Prezidentilə görüşdə Kaumana bu istiqamətdə olan reallıqlar izah ediləcək. Ümid edirəm ki, İlham Əliyev kifayət qədər tutarlı arqumentlərlə qurumun yeni prezidentini bu məsələnin artıq bitdiyinə və ATƏT-in Minsk qrupunun roluna artıq ehtiyacın olmadığına inandıracaq. İndiyə kimi ATƏT PA prezidentlərinin Qarabağ məsələsinə baxışları daha çox neytrallığa, məsələnin həll olunması və maksimum dərəcədə tərəf tutulmamasına yönəlik siyasət olub. Ümid edirəm ki, yeni sədrin də siyasəti eyni olacaq”. 

Qeyd edək ki, ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauman bu gün Azərbaycana səfərə gəlib. O, Azərbaycan Prezidenti İlham Əliyev  tərəfindən qəbul edilib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->