Avropanın fasiləsiz məskunlaşan ən qədim şəhəri İtaliya və ya Yunanıstanda deyil, Bolqarıstanda yerləşir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Travel Off Path" nəşri yazır.
Söhbət təxminən 300 min nəfər əhalisi olan Bolqarıstanın ikinci ən böyük şəhəri Plovdivdən gedir. Nəşrin məlumatına görə, bu ərazi 8 mindən çox ildir fasiləsiz yaşayış məskəni olub. Buna görə də Plovdiv çoxlarının Avropanın ən qədim şəhəri hesab etdiyi Afinadan təxminən 3 min il daha qədimdir.
Şəhərin tarixində ən mühüm dövrlərdən biri yunan və Roma sivilizasiyalarının hakimiyyəti dövrünə təsadüf edir. Müasir Plovdiv sözün əsl mənasında qədim Roma tikililərinin üzərində inşa edilib. Şəhərin əsas piyada küçəsi olan "Glavna” qədim Roma stadionunun qalıqlarının üzərindən keçir və onun hissələri bu gün də müxtəlif məkanlarda görünür. Hətta şəhər mərkəzində yerləşən "H&M” mağazasının zirzəmisində həmin stadionun qorunub saxlanılmış mərmər oturacaqlarını görmək mümkündür.
Şəhərin ən məşhur tarixi abidəsi Roma dövründə Filippopolis adlanan Plovdivdə yerləşən Antik Teatrdır. Təxminən 7 min tamaşaçı tutumuna malik bu tikili dünyanın ən yaxşı qorunub saxlanılmış Roma teatrlarından biri hesab olunur və burada bu gün də konsertlər, opera tamaşaları və digər tədbirlər keçirilir.
Lakin Plovdiv yalnız antik dövr abidələri ilə seçilmir. Nebet Təpəsində eramızdan əvvəl təxminən 4000-ci ilə aid tarixəqədərki qalıqlar, bəzi ərazilərdə isə hətta eramızdan əvvəl VI minilliyə aid yaşayış izləri aşkarlanıb.
Osmanlı dövrünün izləri də şəhərdə bu günədək qorunub saxlanılıb. Şəhər mərkəzində XV əsrə aid "Cümaya” məscidi yerləşir. "Sahat Təpə”dəki saat qülləsi isə Balkanların ən qədim saat qüllələrindən biri hesab edilir.
Münasib qiymətləri ilə seçilir
"Travel Off Path"yazır ki, Plovdivə səfərin əsas üstünlüklərindən biri münasib qiymətlərdir. Burada qidalanma Qərbi Avropanın populyar şəhərləri ilə müqayisədə 70 faizə, yaşayış isə 60 faizə qədər daha ucuz başa gələ bilər.
Orta qiymətlər aşağıdakı kimidir:
* büdcə oteli – gecəlik 35–60 ABŞ dolları;
* iki nəfərlik, üç çeşiddən ibarət şam yeməyi – 35–55 ABŞ dolları;
* kapuçino – 2–3 ABŞ dolları;
* yerli pivə – 2–3 ABŞ dolları;
* ictimai nəqliyyatda bir gediş haqqı – 0,60 ABŞ dolları.
Məlumata görə, Bolqarıstanda minimum aylıq əməkhaqqı 714 ABŞ dollarıdır.
Avropanın ən təhlükəsiz şəhərlərindən biri
Plovdiv eyni zamanda Avropanın ən təhlükəsiz şəhərlərindən biri hesab olunur. *Traveler Safety Index* reytinqində Bolqarıstan 100 mümkün baldan 89 bal toplayıb. ABŞ Dövlət Departamenti də ölkəni səyahət üçün ən aşağı risk səviyyəsinə aid edir.
Nəşrin yazdığına görə, buna şəhərin nisbətən kiçik olması, güclü qonşuluq münasibətləri, şəhər mərkəzi və Kapana rayonunda polis patrullarının fəal fəaliyyəti, eləcə də iri meqapolislərdə rast gəlinən küçə cinayətkarlığının demək olar ki, olmaması təsir göstərir.
Müəlliflər bildirirlər ki, turistlərin qarşılaşa biləcəyi əsas xoşagəlməz hallar nadir hallarda rast gəlinən cibgirlik və küçədə israrlı davranışlarla məhdudlaşır.
Plovdivə çatmaq isə bir qədər vaxt aparır. Sofiyadan qatarla səfər təxminən 2,5 saat, Qara dəniz sahilində yerləşən Varnadan isə köçürmə ilə birlikdə təxminən 7 saat davam edir.
Aydın
Şərhlər