"Azərbaycan Prezidenti İlham Əliyevin bu tədbirə dəvət alması ilk növbədə beynəlxalq aləmdə dövlət başçımıza olan böyük hörmət və ehtiramla bağlıdır. Azərbaycan Prezidentini artıq dünya miqyaslı lider kimi tanıyır və qəbul edir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Birləşmiş Ərəb Əmirliklərində Əbu-Dabi Dayanıqlılıq Həftəsinin keçirilməsi və Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə iştirakını şərh edərkən deyib:
"Əbu-Dabi Dayanıqlıq Həftəsi dünyada kifayət qədər böyük nüfuza malik bir tədbirdir. Burada 13 dövlət öz prezidentləri və baş nazirləri səviyyəsində təmsil olunur. Eyni zamanda, yüzlərlə nazirlər iştirak edir. Burada dünyanın iqtisadi inkişafı, investisiyalar, təhlükəsizlik məsələləri, energetika, nəqliyyat və s. məsələlər müzakirə predmeti olur. Azərbaycan dövlət başçısının da bu tədbirə dəvət alması məntiqidir. Bu ilk növbədə beynəlxalq aləmdə Azərbaycan Prezidentinə olan böyük hörmət və ehtiramla bağlıdır. Azərbaycan dövləti Prezidentin rəhbərliyi altında çoxdan regional səviyyəni aşıb və beynəlxalq sülhün, təhlükəsizliyin, xüsusən də Avropanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən dövlət imicinə malikdir. COP29 kimi tədbiri yüksək səviyyədə keçirməklə ölkəmiz öz potensialını növbəti dəfə nümayiş etdirdi”.
Deputat bildirib ki, Azərbaycan müsəlman dünyasında da böyük nüfuza malikdir:
"Ölkəmizin BƏƏ-lə də əlaqələri dinamik inkişaf tempinə malikdir. Bu ölkə ilə müxtəlif sahələrdə əməkdaşlıq edirik. Xüsusilə də yaşıl enerjiyə keçid sahəsində əməkdaşlığımızın geniş perspektivi var. Qaradağda tikilən elektrik enerji stansiyasının reallaşdırılması da məhz BƏƏ-dən olan şirkətin iştirakı ilə baş verib. Söhbət 230 Mvat-lıq enerji istehsalından gedir. Bütün bunlar onu göstərir ki, Azərbaycanın BƏƏ-lə bu sahə üzrə əməkdaşlığı da sürətlə inkişaf edir. BƏƏ Azərbaycanın şimal-cənub, Qərb-şərq dəhlizlərinin mərkəzində yerləşdiyinin də fərqindədir. Ölkəmiz geniş infrastruktura malikdir. Bu da təbii ki, ölkəmizin cəlbedicilik əmsalını daha da gücləndirir. Azərbaycanın sözügedən tədbirdə iştirakı həm özü, həm də bütün digər tərəflər üçün də uğurludur”.
Qeyd edək ki, yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Aydın məsələdir ki, Azərbaycanın mötəbər beynəlxalq tədbirə dəvət olunması mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir.
Rüfət Sultan
Şərhlər