Dünya 23:52 07.06.2023

Bayden administrasiyası: USQ əks-hücum əməliyyatının əsas məqsədi budur

ABŞ prezidenti Co Bayden administrasiyası hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) əks-hücum əməliyyatının əsas məqsədi Rusiyanı Krımdakı qüvvələri ilə birləşdirən quru dəhlizini kəsməkdir.

Qaynarinfo xəbər verir ki, bu barədə The Washington Post (WP) qəzeti mənbələrə istinadən yazır.

WP-nin köşə yazarı David İqnatiusun yazdığı kimi, ABŞ hakimiyyətinin fikrincə, Ukraynanın hücumu faktiki olaraq iyunun 5-də cənub istiqamətində bir neçə bölgədə zərbələr endirməklə artıq başlayıb. İqnatiusun həmsöhbətlərinin fikrincə, "Vaşinqton Ukrayna qoşunlarının gözləniləndən də yüksək uğurları ilə ruhlanır”.

"ABŞ rəsmiləri hesab edir ki, Ukrayna qüvvələrinin əsas məqsədi Rusiyanı Krımdakı qüvvələri ilə birləşdirən Ukraynanın cənub-şərqi üzərindən quru körpüsünü kəsməkdir", - WP məqaləsində qeyd olunur.

Mənbələr bildirirlər ki, hələlik Ağ Ev Kaxovka SES-in bəndinin dağıdılmasına görə Rusiyanın, yoxsa Ukraynanın məsuliyyət daşıdığını bilmir. Materialda aydınlıq gətirilir ki, ABŞ baş verənlərin cəbhə xəttindəki vəziyyətə necə təsir edəcəyini və vəziyyətdən hansı tərəfin faydalana biləcəyini anlamaq üçün hadisənin nəticələrini öyrənir.

Nizami Bağırov