Xəbər lenti

Bayden Gürcüstanda seçki saxtakarlığı faktlarının araşdırılmasını tələb etdi
Dünya 12:49 30.10.2024

Bayden Gürcüstanda seçki saxtakarlığı faktlarının araşdırılmasını tələb etdi

ABŞ prezidenti Co Bayden Gürcüstanda seçki sonrası vəziyyətə reaksiya verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında dərc olunan bəyanatda qeyd olunur.

"Birləşmiş Ştatlar Gürcü xalqını, onun suverenliyini, ərazi bütövlüyünü və Gürcüstanın avroatlantik hədəflərini uzun müddətdir dəstəkləyir. Buna görə də, ölkənin demokratiyadan son dövrlərdə geri çəkilməsindən, o cümlədən əsas azadlıqları məhdudlaşdıran və müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyət sahəsini daraldan, Rusiya qanunlarına bənzəyən qanunvericiliyin qəbul edilməsindən dərin narahatlıq hissi keçirirəm,” - deyə açıqlamada bildirilir.

Bayden seçkilərdə baş vermiş saxtakarlıq faktlarının ətraflı və şəffaf şəkildə araşdırılmasının vacibliyini vurğulayır və ölkə rəhbərliyini müxalif qüvvələrlə "seçkilərin etibarlılığını bərpa etmək" məqsədilə dərhal dialoqa başlamağa çağırır.

"26 oktyabrda Gürcüstanda keçirilmiş parlament seçkiləri çoxsaylı inzibati resurslardan sui-istifadə, hədələmələr və seçicilərin məcbur edilməsi ilə kölgələnib. Gürcüstan vətəndaşları bu seçkilərlə bağlı fikirlərini sülh yolu ilə ifadə etmək hüququna malikdirlər. Bu seçkilər müstəqil beynəlxalq və daxili müşahidəçilər tərəfindən azad və ədalətli hesab edilmədi. Biz Gürcüstan hökumətini seçkilərdə baş vermiş bütün pozuntuları şəffaf şəkildə araşdırmağa, toplantı və fikir ifadə etmə azadlığını məhdudlaşdıran "Xarici təsir qanunu” kimi qanunları ləğv etməyə və Gürcüstanda bütün siyasi qüvvələrlə seçkilərin etibarlılığını bərpa etmək məqsədilə dərhal inklüziv dialoqa başlamağa çağırırıq. Biz bütün tərəfləri qanunun aliliyini və Gürcüstanın avroatlantik gələcəyinin əsasını təşkil edən əsas azadlıqları ciddi şəkildə qorumağa dəvət edirik,” - deyə bəyanatda qeyd olunur.

Bu arada, Gürcüstanın paytaxtı Tbilisidə tələbələr parlament seçkilərinin nəticələrinə etiraz olaraq aksiya keçirib. Bu barədə Sova məlumat yayıb.

Tələbələr Gürcüstan parlamentinin binasına doğru yürüş ediblər. Aksiya iştirakçıları Gürcüstan və Aİ bayraqları ilə meydana çıxıblar.

Onlar əllərində Gürcüstan gəncliyinin Avropa yolunu seçdiyini və Sovet keçmişinə qayıtmaq istəmədiklərini vurğulayan plakatlar tutublar.

"Biz Avropa sivilizasiyasında yaşamaq istəyirik. Azad, vahid və müstəqil Gürcüstan qalib gələnə qədər mübarizəmizi davam etdirəcəyik!” – deyə təşkilatçılar bildiriblər.

Qeyd edək ki, müxalif partiyalar parlament seçkilərinin nəticələrini tanımır və "Gürcü Arzusu"nun səsləri "oğurladığını" iddia edirlər. Müxalifət etirazlara çağırış edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->