Xəbər lenti

Blik: İsveçrəli məşqçi Rusiyada işlədiyi üçün 5 ilədək həbs cəzası ala bilər
Dünya 18:23 23.06.2025

Blik: İsveçrəli məşqçi Rusiyada işlədiyi üçün 5 ilədək həbs cəzası ala bilər

Məşqçi Fabio Çelestinin Moskva ÇSKA klubuna keçidi onu yalnız ölkəsində tənqid hədəfinə çevirməklə kifayətlənməyə, həm də cinayət təqibi ilə nəticələnə bilər.

Qaynarinfo xəbər verir ki, bu haqda İsveçrənin məşhur "Blick” nəşri yazıb.

Keçmişdə İsveçrə millisinin üzvü olmuş və ötən mövsüm "Bazel” klubunu İsveçrə çempionu və kubok qalibi edən Çelestini karyerasını Rusiyada davam etdirmək qərarına gəlib. Lakin bu qərar İsveçrədə ciddi narazılıqla qarşılanıb.

Səbəb ondan ibarətdir ki, ÇSKA-nın sahibi əvvəllər Rusiya dövlət korporasiyası olan VEB (Vneşekonombank) idi. Qərb dövlətləri bu qurumu Kremlin Ukraynadakı müharibəsinin əsas maliyyə dayaqlarından biri hesab edir. VEB milyardlarla dolları Rusiya hərbi sənayesinin strateji sahələrinə yönəldib və ABŞ, Avropa İttifaqı və İsveçrə tərəfindən sanksiyaya məruz qalıb.

İsveçrə sanksiya qərarlarında bildirilir ki, VEB Ukraynanın işğal olunmuş ərazilərində Rusiya hökuməti tərəfindən həyata keçirilən layihələrdə iştirak edir. Bu isə VEB-lə əməkdaşlığı İsveçrə sanksiya rejiminin pozulması halına çevirir. Hüquqşünasların fikrincə, Çelestinin maaşı VEB vəsaitlərindən ödənilirsə, bu, qanun pozuntusudur. Amma o, Rusiyada qalır, İsveçrə və ya İspaniyada fəaliyyət göstərmir və qazancı bu ölkələrə köçürmürsə, onda hazırda cinayət tərkibi yaranmır.

İsveçrənin beynəlxalq sanksiyalar haqqında qanununa əsasən, sanksiyaların pozulması cinayət hesab olunur. Bu halda 500 min İsveçrə frankı cərimə və ya 1 ilə qədər həbs, ağır hallarda isə 5 ilə qədər həbs və əmlakın müsadirəsi nəzərdə tutulur. Sistemli şəkildə sanksiyaları pozmaq və ciddi maliyyə faydası əldə etmək ağır hal sayılır.

Çelestinin qərarı İsveçrənin digər KİV-ləri tərəfindən də tənqid edilib. Tages-Anzeiger onun Rusiyaya keçidini "mənəvi iflas” adlandırıb, "Neue Zürcher Zeitung” isə bu seçimi etik baxımdan ziddiyyətli və mübahisəli hesab edib.

Məsələ ilə bağlı ÇSKA-nın kommunikasiya direktoru Kiril Breydo bildirib ki, VEB artıq klubun sahibi deyil və ÇSKA nə Aİ, nə də İsveçrə sanksiyalarına məruz qalıb. Onun sözlərinə görə, 2022-ci ildə VEB ÇSKA-nın 77,63% səhmlərini "Balans Asset Management” şirkətinə ötürüb. O, eyni zamanda xatırladıb ki, əvvəllər Miraçem Pjaniç də ÇSKA-ya keçərkən bu cür tənqidlərlə üzləşmişdi.

Bu arada Rusiya futbol bazarında beynəlxalq təzyiqlər artır. Məsələn, Amsterdam "Ayaks”ı 2025-ci ilin ən yaxşı futbolçusu seçilən "Krasnodar” klubunun erməni yarımmüdafiəçisi Eduard Spertsyanla siyasi səbəblərlə müqavilə bağlamaqdan imtina edib.

Bundan başqa, FİFA Moskva "Lokomotiv”inə iyunun 18-dən etibarən yeni futbolçu transfer etməyi qadağan edib. Səbəb isə Ukraynanın "Mariupol” klubuna futbolçu Mark Mampassinin hazırlanmasına görə ödənilməli olan kompensasiyanın verilməməsidir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->