Kainatın sonsuzadək genişlənəcəyi barədə geniş yayılmış fikir, Kornell Universitetindən gələn yeni bir araşdırma ilə sarsılıb.
Qaynarinfo-nun məlumatına görə, fiziklər bildirirlər ki, kainatın gələcəyini müəyyən edən əsas qüvvə – qaranlıq enerji – sabit olmaya bilər, əksinə, zaman keçdikcə zəifləyir.
Təxminən 13,8 milyard il əvvəl Böyük partlayışla (Big Bang) yaranan kainatın necə sona çatacağı sualı hələ də alimlərin ən çox düşündüyü mövzulardan biridir. Bu taleyin necə formalaşacağı isə iki böyük sirrlə – qaranlıq maddə və qaranlıq enerji ilə – sıx bağlıdır.
Kornell Universitetinin professoru Henri Tay və onun komandası tərəfindən aparılan yeni araşdırma göstərir ki, kainat düşündüyümüzdən daha tez, təxminən 33,3 milyard il sonra öz içinə çökə bilər.
Əvvəllər elm dünyasında Böyük çöküş (Big Crunch) adlanan nəzəriyyə üstünlük təşkil edirdi. Bu hipotezə görə, kainatın genişlənməsi əbədi deyil: müəyyən vaxtdan sonra bu genişlənmə dayanacaq, sonra tərsinə dönəcək və nəticədə hər şey Böyük partlayışdan əvvəlki kimi son dərəcə sıx və kiçik bir nöqtəyə toplanacaq.
Son onilliklərdə aparılan müşahidələr kainatın genişlənməsinin dayanmadığını, əksinə, sürətləndiyini göstərib. Bu müşahidələr Böyük çöküş ideyasını arxa plana keçirdi və qaranlıq enerjinin varlığına əsaslanan "sonsuz genişlənmə” modelini önə çıxarıb. Əgər bu enerji sabit qalsaydı, kainatın sonsuza qədər genişlənməsi gözlənilə bilər.
Lakin professor Tay bildirir ki, indiyədək hazırlanmış ən böyük qalaktika və kvasar xəritəsindən əldə edilən yeni məlumatlar qaranlıq enerjinin sabit deyil, zamanla zəifləyən bir qüvvə ola biləcəyini göstərir.
Qaranlıq enerjinin mürəkkəb quruluşu
Yeni tədqiqat göstərir ki, qaranlıq enerji düşündüyümüz qədər sadə deyil və mürəkkəb tərkibə malikdir. Tədqiqatçılar hesab edirlər ki, bu enerji həm ənənəvi kosmoloji sabitdən, həm də "aksion” adlanan və elektronlardan çox daha yüngül olduğu düşünülen, qaranlıq maddənin tərkib hissəsini təşkil edən hissəciklərdən ibarətdir.
Bu qarışıq struktur, Böyük çöküş ssenarisini yenidən gündəmə gətirir. Tədqiqata görə, kainatın son mərhələsində cazibə qüvvəsi yenidən üstün gələcək və bütün maddə vahid bir nöqtəyə toplanacaq. Professor Tay qeyd edir ki, təqdim etdikləri model təkcə kainatın çökəcəyini deyil, həm də bunun necə və nə vaxt baş verəcəyini göstərir.
Kainatın sonu üçün digər ehtimallar
Böyük çöküş güclü bir ssenari hesab edilsə də, alimlər kainatın sonu üçün başqa mümkün mexanizmləri də araşdırırlar. Onlardan biri Böyük dağılma (Big Rip) nəzəriyyəsidir. Bu modelə əsasən, qaranlıq enerji o qədər güclənə bilər ki, kainatın genişlənmə sürəti zamanla bütün maddəni – qalaktikalardan atomlara qədər – bir-birindən ayıraraq məhv edər.
Digər bir ehtimal Böyük sıçrayış (Big Bounce) nəzəriyyəsidir. Bu modelə görə, kainat sonsuz döngü şəklində təkrarlanan Böyük partlayış və Böyük çöküş dövrlərindən ibarət ola bilər.
Ən fərqli ssenari isə "Yalan vakuumun dağılması” (False Vacuum Decay) adlanır. Bu hipotezə görə, təsadüfi bir kvant hadisəsi nəticəsində kainat heç bir xəbərdarlıq olmadan, ani şəkildə tamamilə yox ola bilər.
Son sirr: qaranlıq enerjinin təbiəti
Kainatın son taleyini müəyyən edəcək əsas amil qaranlıq enerjinin əsl mahiyyətidir. Elm adamları bu sirri aydınlaşdırmaq üçün Avropa Kosmik Agentliyinin Euclid” teleskopu və Vera C. Rubin Rəsədxanası kimi iri müşahidə layihələrindən gələcək yeni məlumatları səbirsizliklə gözləyirlər.
Aydın
Şərhlər