ABŞ-da növbəti prezident seçkilərinə hələ üç il qalsa da, mərc platformaları artıq mümkün nəticələrlə bağlı proqnozlar paylaşmağa başlayıb.
Qaynarinfo xəbər verir ki, bu proqnozlara ciddi yanaşmaq tövsiyə olunur, çünki 2024-cü ildə məhz mərc saytları ənənəvi sorğu mərkəzlərindən daha dəqiq nəticələr təqdim etmiş, Donald Trampın qələbəsini əvvəlcədən görmüşdülər. Hazırda ABŞ-ın vitse-prezidenti Cey Di Vens həm Respublikaçılar Partiyası daxilində, həm də ümumi prezidentlik yarışında favorit hesab olunur. Onun qələbə şansı 28% olaraq qiymətləndirilir. Ən yaxın rəqibi, Kaliforniya qubernatoru, demokrat Qevin Nyusom bu göstəricidə ondan iki dəfə geri qalır. Digər maraqlı ehtimal isə hazırkı prezidentin oğlu kiçik Donald Trampın seçkilərdə iştirak edə biləcəyidir.
ABŞ-da 2028-ci il prezident seçkiləri ilə bağlı ehtimal olunan namizədlər barədə fəal ictimai müzakirələr başlayıb. Bu marağın əsas səbəbi "Polymarket" platformasının ilk dəfə olaraq bu istiqamətdə mərc nəticələrini dərc etməsi olub. Hər nə qədər sosioloqlar bu cür mənbələri hər zaman nəzərə almasalar da, ABŞ-da siyasi qeyri-müəyyənlik fonunda bu platformalar daha yüksək dəqiqlik nümayiş etdirir. Bu, xüsusilə 2024-cü il seçkiləri zamanı aydın görünmüşdü.
Bu dəqiqlik, iştirakçıların mərc platformalarında maliyyə maraqlarının olması ilə izah olunur. Bu səbəbdən təhlillərdə daha geniş məlumat bazası, daxili mənbələrdən alınan məlumatlar və seçkiyə təsir edə biləcək ehtimal olunan hadisələr də nəzərə alınır. Sinsinnati Universitetinin araşdırmasına əsasən, məhz bu amillər "Polymarket"in proqnozlarını diqqətəlayiq edir. Hazırda əsas favorit - vitse-prezident Cey Di Vensdir.
Cey Di Vens
Analitiklər bu proqnozu əsasən vəzifələr arasında "təbiilik" prinsipinə əsaslanaraq verir. ABŞ-ın vitse-prezidentlərinin yalnız 15-dən 6-sı seçki yolu ilə prezident postuna yüksəlib. Lakin vitse-prezidentlər tarixi baxımdan partiya nominasiya mərhələsində daha yüksək şansa sahib olurlar. Bu da Cey Di Vensə ciddi siyasi üstünlük qazandırır.
"Polymarket"ə görə, Cey Di Vensin Respublikaçılar Partiyasının prezidentliyə namizədi olmaq ehtimalı 56%-dir. Bu göstərici onu digər ehtimal olunan rəqiblərdən ciddi şəkildə fərqləndirir. Belə ki, dövlət katibi Marko Rubionun şansı 7%, kiçik Donald Trampın isə cəmi 5%-dir. Qeyd edək ki, Trampın oğlu indiyə qədər siyasətlə ciddi məşğul olmayıb.
"The Hill" nəşrinin yazdığına görə, bir sıra respublikaçılar artıq narahatdırlar ki, əgər Donald Tramp tezliklə Cey Di Vensi öz varisi kimi elan etməsə, partiya zaman və vəsait itirə bilər. Onlar hesab edir ki, bütün resurslar Demokratlara qarşı mübarizəyə yönəldilməlidir, partiyadakı daxili çəkişmələrə yox.
Trampın mövqeyi tərəfdarlarını məyus etdi
Donald Tramp isə hələlik konkret mövqe sərgiləmir. O, may ayında "NBC News"a verdiyi müsahibədə ehtimal olunan varislər sırasında Marko Rubionu birinci, Cey Di Vensi isə ikinci qeyd edib: "Bizim əla komandamız var. Markoya baxın, Cey Di Vensə baxın, o sadəcə möhtəşəmdir", deyə Tramp bildirib və əlavə edib ki, daha 10-15 nəfər prezidentliyə iddia edə bilər.
Marko Rubio
Cey Di Vens və Marko Rubio namizədlər arasında gözlənilən simalardır. Amma Tramp ailəsinin siyasətdə "sülalə davamlılığı" ideyası cəmiyyət arasında ciddi müzakirələrə səbəb olub. "Tramp öz mirasına böyük önəm verir. Ailə sülaləsi onun tarixdəki yerini daha da möhkəmləndirə bilər", deyə "The Hill" qeyd edib.
Kiçik Donald Tramp isə may ayında "X" sosial şəbəkəsində yazıb: "Mən 2028-ci il və ya yaxın gələcəkdə prezidentliyə namizəd olmaqla maraqlanmıram, amma bunu tam istisna da etmirəm".
"The Hill" bunun fonunda Cey Di Venslə Tramp kiçik arasında potensial qarşıdurmanın ilkin mərhələsinin başlaya biləcəyini yazıb.
Bu isə o deməkdir ki, vitse-prezident Cey Di Vens yalnız hazırkı administrasiyanın dəstəyinə yox, şəxsi siyasi güc və xarizmasına da güvənməlidir. Florida qubernatoru Ron DeSantisin təcrübəsi isə ona xəbərdarlıq olmalıdır. 2024 seçkiləri öncəsi favorit olan DeSantis sonradan ciddi reytinq itkisi yaşamışdı.
Donald Tramp və oğlu
DeSantis 2028-ci ildə prezident seçkilərində yenidən iştirak etməyə hazırlaşır. Lakin "Polymarket" platformasında ciddi rəqib kimi qəbul olunmur, çünki 2024-cü ildəki uğursuzluq onun seçki perspektivlərini zəiflədib. Bununla belə, "Emerson College Polling" və digər bəzi sorğularda o, hələ də mümkün namizədlər sırasında yer alır. 2025-ci ilin iyun ayının sonunda keçirilmiş "Emerson" sorğusunda DeSantis 9% dəstəklə üçüncü yerdə qərarlaşıb. Ondan öndə Cey Di Vens (46%) və Marko Rubio (12%) gəlir.
"Polymarket"də Cey Di Vensin ümumi seçkilərdə qələbə ehtimalı 28% olaraq göstərilib ki, bu, digər ABŞ siyasətçiləri ilə müqayisədə ən yüksək göstəricidir. Demokratlar isə bu baxımdan geri qalır. Kaliforniya qubernatoru Qevin Nyusomun şansı 14%, konqresmen Aleksandriya Okasio-Kortezin isə 11% səviyyəsindədir. Əvvəlki vitse-prezident Kamala Harris isə cəmi 4% şansa malikdir. Bu, Donald Trampın göstəricisi ilə eynidir.
Ron DeSantis
Qeyd edək ki, ABŞ Konstitusiyasına görə Tramp üçüncü müddətə namizəd ola bilməz.
Demokrat strategu Culian Epşteynə görə, bu rəqəmlər Demokrat Partiyasının ciddi problemlərlə üzləşdiyini nümayiş etdirir. Onun fikrincə, Qevin Nyusom "vokizm"də (irq, cins və sosial ədalətlə bağlı ideoloji mövqe) "boğulub" və özünü yenidən təqdim etməyə çalışsa da, bu, inandırıcı görünmür. Aleksandriya Okasio-Kortez isə Epşteynə görə, "çox dar bir elektorat - bəlkə də 5–10% arasında - həvəslə dəstəklədiyi" namizəddir.
Bu rəqəmlər Demokrat Partiyasının əsas problemindən xəbər verir: partiya daxilindəki müxtəlif fraksiyaları birləşdirə biləcək və daha da önəmlisi, "sağlam düşüncəyə müraciət edərək" partiyanı mərkəzə çəkə biləcək bir liderin olmaması. Culian Epşteyn bildirir ki, partiya bir daha üzləşdiyi problemləri inkar mərhələsindədir.
Aydın
Şərhlər