Dünya 18:46 23.05.2023

CAR-ın Ukrayna ilə bağlı yeni planı: Keyptaun Moskva və Kiyevi necə barışdıracaq? (ŞƏRH)

Rusiya-Ukrayna müharibəsində tərəflər arasında danışıqlara nail olmaq üçün bir sıra ölkələr aktivlik nümayiş etdirməyə çalışırlar. Son zamanlar vasitəçi qismində  özünü göstərmək istəyən dövlətlər sırasına Afrika qitəsində yerləşən ölkələr də qoşulmaq niyyətlərini ortaya qoyublar. Belə ki, Cənubi Afrika Respublikasının rəhbərliyi altında Misir, Seneqal, Konqo, Zambiya və Uqanda prosesə töhfə vermək niyyətlərini bildiriblər. 
 
Cənubi Afrika Respublikasının prezidenti Siril  Ramafosa mayın ortalarında həmin 6 ölkə adından sülh təşəbbüsü təklif edib. Ramafosa təşəbbüsü  müzakirə etmək  üçün Rusiya və Ukraynaya nümayəndə heyətləri göndərəcəklərini də deyib.  Cənubi Afrika prezidentinin nümayəndəsi Vinsent Maqvenya bildirib ki, Afrika missiyası ilk növbədə Rusiya-Ukrayna münaqişəsinin həlli prosesində hərbi əməliyyatları dayandırmağı təklif edir. Təşəbbüsü öz üzərinə götürən altı ölkə  hesab edir ki, danışıqlar Ukrayna ərazisindən Rusiya qoşunları çıxarılmadan başlaya bilər. 

"Birincisi, bu, hərbi əməliyyatların dayandırılmasıdır. İkincisi, bu, davamlı sülh  üçün əsasdır”, - Maqvenya bildirib. Ona cavab olaraq, Ukraynanın Cənubi Afrika  Respublikasındakı səfiri Lyubov Abravitova belə bir təşəbbüsə qarşı çıxıb. "Prezidentim açıq şəkildə bildirib... rusiyalılar beynəlxalq səviyyədə tanınmış  sərhədlər daxilində ərazimizi tərk etməyənə qədər Ukrayna və Rusiya arasında heç bir danışıqlar aparılmayacaq”, - diplomat bildirib. 

Qeyd edək ki, buna oxşar təkliflə bir neçə ay bundan əvvəl Çin də çıxış etmişdi.  Pekinin 15 paketlik təklifində də Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması ilə bağlı heç bir müddəa yox idi. Onun nəticəsidir ki, Pekinin təşəbbüsü  ümumiyyətlə müzakirə predmeti olmadı. İndi isə görünən odur ki, Afrika ölkələri  də özlərini vasitəçi qismində yoxlamaq istəyir. Amma həmin missiyaya CAR-ın  rəhbərlik etməsi və orada təmsil olunan ölkələrin siyahısı belə düşünməyə əsas verir ki, sözügedən ideya əslində Moskvadan gəlib. Belə ki, CAR-da Rusiya kimi BRİCS təşkilatında təmsil olunur. Hansı ki, bu təşkiat ümumən dünyanın müxtəlif   bölgələrində Qərbin maraqlarının ziddinə hərəkət edir. Ukrayna məsələsində də  CAR və digər BRİCS ölkələri ümumən Moskvanın mövqeyinə yaxın mövqe tutublar.  Onlar Ukraynanın ərazi bütövlüyünü dəstəkləsələr də, Rusiyanı da təcavüzkar  hesab etmir və ona qarşı sanksiyalara qoşulmurlar. Əksinə, mövcud vəziyyətdə Moskva ilə əlaqələri daha da genişləndirməyə çalışırlar. Bu səbəbdən Rusiya üçün sözügedən ölkələrdən gələn sülh təşəbbüsləri daha cəlbedici və məqbuldur.
 
Əslində, belə görünür, Afrika ölkələrini sözügedən prosesə şirnikləndirən də elə Moskvanın özüdür. Onun nəticəsidir ki, sülh üzrə Afrika missiyası danışıqların Ukrayna ərazisindən rus qoşunları çıxarılmadan başlanmasını təklif edirlər. Belə vəziyyətdə, aydın məsələdir ki, danışıqlarda ərazini işğal edən tərəf müəyyən üstünlük əldə edir. Çünki həmin situasiyada sülh şərtlərini diktə edən tərəf əsasən əraziyə nəzarət edən tərəf olur. Bu mənada da Afrika missiyası birmənalı şəkildə ümumən Moskvanın maraqlarına cavab verən bir missiyadır. Belə missiyaların ortaya atılması Ukrayna məsələsində Rusiyanın gələcək perspektivinin heç də yaxşı olmadığına da işarədir. Görünür, artıq Kremldə də anlayırlar ki, vaxt keçdikcə Ukrayna ilə bağlı niyyətlərini gerçəkləşdirə bilməyəcəklər. Nəinki gerçəkləşdirə bilməyəcəklər, əksinə, zaman keçdikcə, Rusiyanın məğlub olması ehtimalı istər-istəməz daha da artır. Ona görə də Moskva tələsir ki, heç olmasa mövcud vəziyyətdən istifadə edib, danışıqlara getməklə özləri üçün müəyyən sərfəli mövqe əldə etsin. Yaxud da Rusiya danışıqlara getməklə müharibədə müəyyən taym-aut almaq və bu əsasda da fürsətdən istifadə edib, öz mövqelərini möhkəmləndirmək üçün belə bir ideyanı ortaya ata bilər.
 
Hər halda, görünən odur ki, Kiyev Afrika missiyasının təşəbbüsünü qəbul etməyəcək. Çünki həmin təşəbbüsün qəbulu Ukraynanın tam şəkildə azad edilməsinə əngəldir. 

Rüfət Sultan