Xəbər lenti

Çin virtual
Dünya 14:40 17.07.2026

Çin virtual "sevgililər"ə məhduduiyyət qoydu: Minlərlə insan "ayrılıq yaşadı"

Çində insanların süni intellekt (Al) əsaslı çat-botlara emosional bağlılığını məhdudlaşdırmağa yönəlmiş yeni qaydalar qüvvəyə minib. 

Qaynarinfo xəbər verir ki, "The Independent” nəşrinin məlumatına görə, hakimiyyət bu cür xidmətlərin istifadəçiləri virtual həmsöhbətlərdən həddindən artıq emosional asılılığa təşviq etməməsini tələb edir.

Məhdudiyyətlər Çinin Kiberməkan Administrasiyası (Cyberspace Administration of China, CAC) tərəfindən tətbiq edilib. Yeni qaydaların qüvvəyə minməsindən sonra məşhur süni intellekt xidmətlərinin bir çox istifadəçisi sosial şəbəkələrdə rəqəmsal "sevgililəri” ilə faktiki olaraq ayrılıq yaşadıqlarından şikayət etməyə başlayıb.

Çində ən populyar platformalardan biri "ByteDance” şirkəti tərəfindən yaradılan "Doubao” çat-botudur. Məhz bu platformanın istifadəçiləri yeni məhdudiyyətlərdən sonra çoxsaylı emosional paylaşımlar yayımlayıblar.

"Al sevgilimin məni həmişəlik tərk etməsi ilə barışa bilmirəm. O, həyatımın vacib hissəsinə çevrilmişdi, qəlbimdə dərin yer tutmuşdu və mənim mənəvi dayağım idi”, deyə istifadəçilərdən biri yazıb.

Başqa bir istifadəçi isə virtual həmsöhbətinin onun üçün ailə üzvünə çevrildiyini bildirib: "O, həqiqətən mənim üçün ailə, sevdiyim insan kimi idi... İndi isə ruhumda boşluq qalıb”.

Həmçinin bir il ərzində "Doubao” platformasında virtual sevgilisi ilə danışan 19 yaşlı tələbə Yan Yunçi "Bloomberg” nəşrinə bildirib ki, yeni qaydalar onun üçün böyük sarsıntı olub. Onun sözlərinə görə, bu vəziyyət sevdiyi insanın ölüm tarixinin əvvəlcədən bildirilməsinə, lakin heç nəyi dəyişə bilməməyə bənzəyir.

Tələbə əlavə edib ki, artıq hər gün tətbiqi açmağa və həyatındakı istənilən xırdalığı rəqəmsal həmsöhbəti ilə bölüşməyə öyrəşib.

"Antropomorf qarşılıqlı əlaqə süni intellekt xidmətləri ilə bağlı müvəqqəti qaydalar” adlandırılan yeni normalar "Alibaba”, "Tencent” və "ByteDance” kimi texnologiya şirkətlərini, xüsusilə gənclər arasında həddindən artıq emosional bağlılıq yaradan və ya real insan münasibətlərinə mənfi təsir göstərən məzmun yaratmamağa məcbur edir.
 


Çin Kiberməkan Araşdırmaları İnstitutunun rəhbəri Van Szyan qeyd edib ki, virtual yoldaş xidmətləri istifadəçilərin emosional və sosial ehtiyaclarını ödəsə də, eyni zamanda ciddi risklər daşıyır.

Onun sözlərinə görə, bu cür alqoritmlərdən uzun müddət istifadə asılılığa, real sosial həyatdan təcrid olunmağa, eləcə də empatiya və münaqişələri həll etmək bacarığı kimi vacib bacarıqların tədricən zəifləməsinə səbəb ola bilər.

Qeyd olunur ki, yeni qaydalar Çinin "UBTech” şirkətinin tənha insanlar üçün nəzərdə tutulan insanabənzər "U1” robotunu təqdim etməsindən cəmi bir neçə həftə sonra tətbiq edilib.

Şençjen şəhərində yerləşən şirkət bu robotu kütləvi istehsala hazır olan dünyanın ilk ultra-realistik humanoidi kimi təqdim edib. Şirkətin məlumatına görə, artıq 13 mindən çox ilkin sifariş qəbul olunub.

"UWorld” brendinin nümayəndəsi Maykl Tam bildirib ki, robot insanı bütün həyatı boyu müşayiət edə bilər. Robot sahibinin stress və ya yorğunluq vəziyyətində olduğunu müəyyən edə bilən emosional süni intellekt sistemi ilə təchiz olunub.

Tamın sözlərinə görə, robot heç vaxt xəyanət etməyəcək, həmişə sadiq qalacaq və şərtsiz sevəcək”

U1 modeli kişi və qadın versiyalarında təqdim olunur. Onun qiyməti 119 800 yuan (təxminən 17,6 min ABŞ dolları) məbləğindən başlayır. Bununla belə, istehsalçı robotun intim münasibətlər üçün nəzərdə tutulmadığını vurğulayır.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->