Çində müasir şəhərsalma ilə təbii mühitin birləşdirilməsini nəzərdə tutan "Liuçjou meşə şəhəri” adlı böyük layihə hazırlanır.
Qaynarinfo xəbər verir ki, "Antena 3 CNN” nəşrinin məlumatına görə, ölkənin cənubundakı Liuçjou şəhərində yaradılacaq yeni rayon havanın çirklənmə səviyyəsini azaltmaq və şəhər mühitini daha ekoloji etmək məqsədilə demək olar ki, tamamilə yaşıllaşdırılacaq.
Məqalədə qeyd olunur ki, Çin uzun illərdir daha sərt ekoloji qaydaların tətbiqi, bəzi müəssisələrin bağlanması və ictimai nəqliyyatın inkişafı yolu ilə smoqla mübarizə aparır. Lakin bu tədbirlər problemi yalnız qismən həll edib.
Məhz buna görə italiyalı memar Stefano Boeri daha radikal yanaşma təklif edib — ağac və digər bitkiləri birbaşa binaların memarlıq strukturuna inteqrasiya etmək.
Nəşrin məlumatına görə, bu konsepsiya 2014-cü ildə Milanda tamamlanan "Bosco Verticale” ("Şaquli meşə”) uğurlu layihəsi əsasında hazırlanıb. Bitkilərlə örtülmüş iki yaşayış qülləsinin istismarı göstərib ki, belə binalar havadakı xırda çirkləndirici hissəcikləri effektiv şəkildə təmizləyə bilir. Bu təcrübə artıq bütöv bir "meşə şəhəri”nin yaradılması ideyasının əsasını təşkil edib.
Yeni rayon Liuçjou şəhərinin şimal kənarında inşa ediləcək. Şəhərdə təxminən 1,5 milyon insan yaşayır. Təxminən 175 hektar ərazidə yaşayış binaları, ofislər, məktəblər, mehmanxanalar və xəstəxana tikiləcək. Bu tikililərin fasadları, damları və balkonları yaşıl örtüklərlə bəzədiləcək.
Ümumilikdə ərazidə təxminən 40 min ağac və 100-dən çox növə aid 1 milyon bitkinin əkilməsi planlaşdırılır.
"Stefano Boeri Architetti” memarlıq bürosunun hesablamalarına görə, bu qədər yaşıllıq hər il təxminən 10 min ton karbon qazını və 57 tona yaxın xırda çirkləndirici hissəcikləri udacaq, eyni zamanda təxminən 900 ton oksigen istehsal edəcək.
Havanın təmizlənməsi ilə yanaşı, bitki örtüyünün şəhər mühitində temperaturu azaltması, nəqliyyat səsini zəiflətməsi və quşlar, eləcə də həşəratlar üçün yeni yaşayış məkanları yaratması gözlənilir.
Layihə həmçinin binaların qızdırılması və soyudulması üçün geotermal enerjidən istifadəni, günəş panellərinin quraşdırılmasını və şəhərlə elektrik nəqliyyatı vasitəsilə əlaqənin yaradılmasını nəzərdə tutur.
Layihə müəlliflərinin fikrincə, rayon maksimum dərəcədə avtonom işləməli və davamlı şəhər inkişafı modeli kimi xidmət etməlidir.
"Liuçjou yalnız başlanğıc nöqtəsi kimi nəzərdə tutulub”, deyə nəşrdə qeyd olunur. Memarlıq bürosu artıq havanın ciddi çirklənməsindən əziyyət çəkən digər Çin şəhərləri üçün də oxşar konsepsiyalar təklif edib.
Daha əvvəl bildirilib ki, Çinin Yünçen şəhərində yaşayış məhəllələrinin üzərinə xırda su dumanı püskürdən soyutma sistemi istifadəyə verilib. Bu texnologiya temperaturu 5–8 dərəcə Selsi aşağı salmağa imkan verir.
Sistem "şəhər istilik adası” effektinə qarşı mübarizə aparmağa kömək edir. O, binaların divarlarını və həyətləri soyudaraq gün batdıqdan sonra onların havanı daha az qızdırmasına şərait yaradır.
Bununla belə, yüksək rütubət və böyük su sərfiyyatı texnologiyanın geniş tətbiqi qarşısında əsas çətinliklərdən biri olaraq qalır.
Aydın
Şərhlər