Çin bir neçə il ərzində dünyanın ən iri süni hava dəyişdirmə layihələrindən birini həyata keçirməyə çalışıb. Məqsəd Tibet yaylası üzərində yağıntıların miqdarını artırmaq və əlavə su ehtiyatlarını ölkənin quraq bölgələrinə yönəltmək idi.
Qaynarinfo xəbər verir ki, "Adevarul” nəşrinin yazdığına görə, söhbət "Tianhe” ("Səma çayı”) proqramından gedir. Çin mütəxəssisləri buludların səpilməsi texnologiyasından istifadə ediblər. Bu üsul çərçivəsində raketlər və digər qurğular vasitəsilə atmosferə xüsusi kimyəvi hissəciklər buraxılır. Hesab edilir ki, bu maddələr buludlarda su damcılarının əmələ gəlməsini sürətləndirərək yağış və ya qar ehtimalını artırır.
Bu metod artıq onilliklərdir ki, ABŞ da daxil olmaqla 50-dən çox ölkədə tətbiq olunur. Bununla belə, hava şəraitinin dəyişdirilməsi proqramlarının ən böyük operatoru məhz Çin hesab olunur. Çin hakimiyyətinin məlumatına görə, bu layihələrə on minlərlə insan cəlb olunub və sərmayələrin həcmi milyardlarla dollar təşkil edir.
"Tianhe” proqramının mərkəzi Tibet yaylası olub. Məqalədə bu ərazi "Asiyanın su qalası” adlandırılır. Qitənin ən mühüm çaylarından bəziləri məhz burada başlayır və təxminən iki milyard insanın su təminatında mühüm rol oynayır. Lakin region iqlim dəyişikliklərinin təsirlərindən getdikcə daha çox əziyyət çəkir. Buraya buzlaqların sürətlə əriməsi, yağıntı rejiminin dəyişməsi və səhralaşma prosesləri daxildir.
Layihə 2018-ci ildə işə salınıb. Məqsəd cənub mussonlarının gətirdiyi rütubətin bir hissəsini "tutmaq” və yaylanın böyük hissəsində yağıntıların düşməsini stimullaşdırmaq idi. Bununla Çin Sarı çayın (Huanxe) su ehtiyatlarını artırmağa və təbii olaraq Yantszı hövzəsinə yönələn suyun bir hissəsini ölkənin daha quraq ərazilərinə yönləndirməyə ümid edirdi.
Layihənin başlanğıcında rəsmilər çox iddialı nəticələr vəd edirdilər. Onların hesablamalarına görə, proqram Çinin illik su istehlakının təxminən 7 faizinə bərabər əlavə su ehtiyatı təmin edə bilərdi.
Lakin bu proqnozlar elmi dairələrdə tənqidlə qarşılandı. Bir sıra tədqiqatçılar qarşıya qoyulan məqsədlərin mövcud texnologiyaların imkanlarını xeyli aşdığını bildirirdilər. Tənqidçilər atmosfer proseslərinin belə geniş miqyasda idarə olunmasının son dərəcə mürəkkəb olduğunu vurğulayırdılar.
Nəticədə layihə tədricən kiçildildi. Hələ 2022-ci ildə onun daha məhdud versiyası nəzərdən keçirilsə də, sonradan proqram rəsmi məlumatlardan demək olar ki, yoxa çıxdı. Layihənin Çinin son beşillik inkişaf planında qeyd olunmaması Pekinin bu təşəbbüsdən səssiz şəkildə imtina etmiş ola biləcəyi barədə ehtimalları gücləndirib.
Aydın
Şərhlər