Dramaturuq Çingiz Ələsgərov 20 ildir kirayədə yaşayır. 50-dən yuxarı dram əsəri müəllifinin problemin həlli məqsədi ilə döymədiyi qapı qalmayıb. Axırda gedib Yazıçılar Birliyinin sədri Anar Rzayevin yanına ki, onun mənzil almasına dəstək versin. Anar müəllim də deyib ki, "get, bir də gəlmə”.
Dramaturuq Çingiz Ələsgərov Qaynarinfo-ya açıqlamasında 2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğunu bildirib:
"Elə o vaxtdan da evsizəm. Kirayədə yaşayıram. Ayda 400 manat kirayə pulu ödəyirəm. Bunun üçün döymədiyim qapı qalmayıb. Kimin yanına gedirəmsə, o bunun üstünə göndərir, bu da onun. Sonuncu dəfə 21 nəfər yazıçı mənzillə təmin olunub. İlk növbədə yaradıcı adamlar evlə təmin olunmalıdır. Bizdə isə əksinədir, yaradıcı adam qalır, texniki işçilərə ev verirlər. Ağzını açan kimi deyirlər ki, heç yerdə işləmirsən, sənə nə ev? Ay bala, mən də 50 il işləmişəm də. 4 il öncə getdim Yazıçılar Birliyinin sədri Anarın qəbuluna. Anar müəllim dedi ki, bizdə ev yoxdur, ev çətin məsələdir. Amma məni təqaüdlə təmin etdi. Orada təqaüd bir illikdir. Ordan aldım, burdan verdim kirayəyə. Bir il də nədir ki, quş kimi gəlib geçdi".
Hazırda heç bir yerdə işləməyən Çingiz Ələsgərov yaşadığı evin kirayə haqqını pensiya ilə ödədiyini vurğulayıb:
"Sonra dedim ki, bir Cingiz Abdullayevin də yanına gedim. Getdim, ərizəmi təqdim elədim. Məni dinlədi və dedi ki, özüm bu işlə məşğul olacağam. Cingiz müəllim dedi ki, İdarə Heyətinin iclası olacaq, bu məsələyə orada baxacağıq. Sonra zəngi-zəngə caladım, adam telefonu götürmür. Axırda yenidən getdim ki, görüm ərizəmin taleyi necə oldu. Katibəsi dedi ki, Çingiz müəllim deyir, problem mənlik deyil, ev məsələsinə ancaq Anar müəllim baxır. Yazıçılar Birliyinin üzvlərinə mütəmadi olaraq ev verilirsə, biz də onun arasında olmalıyıq da. Ev ancaq Yazıçılar Birliyində vəzifə tutanlara, yaxud da Anara yaxın adamlara yox, evi olmayan üzvlərə verilməlidir? 89-cu ildən dramaturgiya ilə məşğulam. 50 yaxın dram əsrim səhnələşdirilib, hamısı da dövlət teatrlarında tamaşaya qoyulub".
Dramaturq indi də Anar Rzayevin qəbuluna düşə bilmədiyini deyib:
"Katibəsinə xüsusi tapşırıb ki, evlə bağlı mənə müraciət edənləri yanıma buraxma. Sən qəbul etmə, bəs o zaman hara gedək? Mərhum deputat Qənirə Paşayevanın yanında olmuşam. Sonra deputat Rəfael Hüseynovun qəbulunda oldum. İndi də Polad Bülbüloğlunun qəbuluna getdim. Dedim, nə evim var, nə də işim. Polad müəllim mənə deyir ki, yaş məsələsi var. Dedim, ona qalsa, sizin də yaşınız keçib. Teatrlar İttifaqının sədri Hacı İsmayılov da onun dediyini deyir. Yaxşı, onda neynəyim, gedib özümü asım? Sizin hamınızın evi var, özü də dövlət verib, bizə gələndə deyirsiniz ki, heç yerdə işləmədiyiniz üçün dövlət sizə ev verə bilməz. Onda işlə təmin edin. Bu təqaüd yaşı elə bizim üçündür?"
Bahar Rüstəmli
Şərhlər