Konqo Demokratik Respublikasının (KDR) səhiyyə naziri Samuel Roje Kamba ölkənin Kasai vilayətinin Mweka bölgəsində Ebola epidemiyasının elan edildiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, nazirin sözlərinə görə, indiyədək bölgədə 28 yoluxma faktı qeydə alınıb, onlardan 15-i həyatını itirib. Ölənlər arasında 4 tibb işçisi də var. Ölüm göstəricisinin hazırda 57 faiz təşkil etdiyi, lakin bu rəqəmlərin ilkin olduğu bildirilib.
Kamba, hökumətin Xalq Sağlığı Fövqəladə Hallar Əməliyyat Mərkəzi vasitəsilə xüsusi koordinasiya mexanizmi qurduğunu, sahəyə təcili yardım qruplarının göndərildiyini, müşahidə tədbirlərinin gücləndirildiyini, xəstələrin təcrid prosedurlarının tətbiq olunduğunu və dəfn mərasimlərinin təhlükəsizlik qaydalarına uyğun olaraq dəyişdirildiyini bildirib.
Digər tərəfdən, Kanadada yerləşən Sərhəd Tanımayan Həkimlər təşkilatı (MSF) ABŞ mərkəzli "X" sosial media platformasından verdiyi açıqlamada bölgəyə yardım qrupları göndərdiyini təsdiqləyib. MSF, yerli hakimiyyət orqanları və beynəlxalq səhiyyə tərəfdaşları ilə birgə çalışdıqlarını, vəziyyəti qiymətləndirdiklərini və müdaxiləyə necə daha səmərəli dəstək verə biləcəklərini araşdırdıqlarını bəyan edib.
KDR-də bu, 1976-cı ildən bəri qeydə alınan 16-cı Ebola epidemiyasıdır. Ölkədə ən böyük Ebola epidemiyası 2018–2020-ci illərdə Şimali Kivu və İturi vilayətlərində baş vermiş, nəticədə 2 mindən çox insan həyatını itirmişdi.
Aydın
Şərhlər