Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun da adının hallandığı 5 milyonluq kredit qalmaqalı ilə bağlı məhkəmə gələn aydan davam etdiriləcək.
Qaynarinfo-ya xəbər verir ki, bir müddət əvvəl aylardır davam edən prosesə fasilə verilmişdi.
Bu arada Elman Rüstəmovun şəriki Azad Nağıyevin ölkə rəhbərliyinə məktubu üzə çıxıb. Nağıyev həmin məktubu azadlıqda olarkən yazıb və imzalayıb.
Məktubda 5 milyonluq qalmaqalın təfərrüatları açıqlanır. Bu barədə ötən yazımızda bəhs
etmişik.
İndi isə qalmaqalın başqa detalları üzə çıxıb. Həmin detallar da Azad Nağıyevin məktubunda üzə çıxıb. Musavat.com-un yazdığına görə, məktubun növbəti hissəsindən məlum olur ki, Azad Nağıyev 2013-cü ildə Elman Rüstəmovun göstərişi ilə "Aqana Servis” şirkətinin inşa etdiyi binadakı qeyri-yaşayış sahəsini "Premium Bank”a girov qoymaqla 2 milyon 500 min manat kredit götürüb. Onun həbsi də məhz girov qoyulan qeyri-yaşayış sahəsi ilə bağlıdır.
"2010-cu ildə vətəndaş Nizami Kərimov "Aqana Servis” şirkətindən qeyri-yaşayış sahəsi alıb. Şirkətin sahibi Azad Nağıyev o zaman Elman Rüstəmovun göstərişi ilə həmin sahəni qanunsuz olaraq qohumunun adına rəsmiləşdirib girov qoyaraq 2013-cü ildə "Premium Bank” vasitəsilə faktiki olaraq Mərkəzi Bankdan 2 milyon 500 min manat məbləğində, olduqca aşağı faizlə kredit götürüb", deyə məktubda qeyd edilir.
Azad Nağıyev bildirir ki, məhkəmədə də krediti o deyil, Elman Rüstəmovun göstirdüyünü deyib.
Aydın olur ki, Elman Rüstəmov "Premium Bank” Mərkəzi Bankdan 5,25 faizlə 2 milyon 500 min manat kredit götürüb və dərhal da onu 6,25 faizlə normal rəsmi gəliri olmayan Azad Nağıyevə verib. Girov olaraq isə vətəndaş Nizami Kərimova məxsus qeyri-yaşayış sahəsi qoyulub.
"Kreditin təyinatı kimi "maliyyə ehtiyaclarının qarışılanması” göstərilib. Yəni əslində, kreditin heç bir təyinatı olmayıb, çünki göstərilən "təyinat” amorfdur, Azərbaycan banklarında bu şəkildə kredit almaq qeyri-mümkündür. Bunun üçün Elman Rüstəmov kimi şərikə ehtiyac var", deyə məktubda bildirilir.
Kredit müddəti ərzində Azad Nağıyev yalnız faizləri ödəməli, əsas borcu isə sonda verməli imiş. Bir müddət faizlər ödənilib, sonra dayandırılıb və kreditin qaytarılmasını tələb etmək əvəzinə Mərkəzi Bank faiz dərəcəsini 3,7 faizə, "Premium Bank” isə 4,7 faizə endirərək müddəti uzadıblar.
Vətəndaş Nizami Kərimov ona məxsus olan və Elman Rüstəmovla şəriklərinin tikinti şirkətindən alınmış qeyri-yaşayış sahəsinin qanunsuz olaraq girov qoyulduğunu öyrəndikdən sonra məhkəməyə üz tutub.
Məhkəmə araşdırmaları zamanı əmlakın qanunsuz olaraq girov qoyulduğu təsdiqlənib. Məhkəmə Nizami Kərimova məxsus olan, qanunsuz olaraq mənimsənilmiş əmlakın digər şəxsin adından çıxarılması qərarı verib. Bununla belə, "Premium Bank”ın və Mərkəzi Bankın həmin əmlaka girov (ipoteka) hüququ hələ də ləğv olunmayıb.
Azad Nağıyevin sözlərindən belə anlaşılır ki, Elman Rüstəmov oyundan çıxaraq onu qurban verib.
Seyid
Şərhlər