Xəbər lenti

Emin İmaməliyev: “Qol buraxdıqdan sonra məsuliyyəti hiss etdilər”
İdman 12:41 15.07.2023

Emin İmaməliyev: “Qol buraxdıqdan sonra məsuliyyəti hiss etdilər”

"Qarabağ” bu mövsüm Çempionlar Liqasının seçmə mərhələsində ilk matçını keçirdi. Cəbəllütariq komandası "Linkoln”la matçın başlanğıcı Qurban Qurbanovun komandası üçün çətin oldu, hətta hesabda geriyə də düşdülər. Ancaq ikinci hissədə toparlanıb, qələbə qazana bildilər. Komandanın çıxışı haqda fikirlər müxtəlifdir. Bunu təlim-məşq toplanışından yebicə qayıtmaları, bəziləri də zəif rəqib olduğu üçün arxayınlaşdıqları ilə əlaqələndirir. 

Bəs "Qarabağ”ın sabiq futbolçusu, hazırda U-21 millisində köməkçi məşqçi kimi çalışan Emin İmaməliyev nə düşünür? Sabiq yarımmüdafiəçi Qaynarinfo-ya açıqlamasında bunları söyləyib:

"Həmişə ilk oyunlar çətin olur. Həm də belə zəif rəqiblərlə oyun daha çox əziyyət və məsuliyyət tələb edir. Göründü ki, bir balaca zəif oynayanda rəqib səni cəzalandırır. Komanda birinci hissədə o qədər də özünü göstərə bilmədi. Qol buraxdıqdan sonra toparlandılar. Məsuliyyəti hiss etdilər. İkinci hissədə əsl "Qarabağ” gördük. Təlim-məşq toplanışından qayıdan komanda üçün həmişə ilk oyunlar çətin olur”.

İmaməliyev rəqibin adına və gücünə görə komandada arxayınlıq yarandığına inanmadığını bildirib:

"Ola bilər ki, rəqibin adına görə bir qədər rahatlıq olub. Ancaq buna inanmıram. Çünki mən də "Qarabağ”da oynamışam. Bilirəm ki, Qurban Qurbanovun komandası heç bir rəqibin qarşısına arxayın şəkildə çıxmır. Qurban müəllim oyundan sonra rəqibi yaxşı tanıya bilmədiklərini demişdi. Bu da bir amildir. Ancaq ikinci 45 dəqiqədə tam fərqli idi. Sizə deyim ki, Bakıdakı oyun bundan da fərqli olacaq. Daha üstün futbol görəcəyik”.

Keçmiş futbolçu "Qarabağ”ın yeni transferi Hamidu Keytanın və qış fasiləsində aldığı digər futbolçuların uyğunlaşma prosesini keçdiyini deyib:

"Mənə elə gəlir qış fasiləsində alınan futbolçular komandaya tam uyğunlaşıb. Çünki artıq üstündən altı ay keçib. Yeni gələn Hamidu Keytadır. O da Azərbaycan futbolunu və "Qarabağ”ı tanıyır. Fikrimcə, qarşıdakı oyunlarda transferlərin köməyi dəyəcək. Çünki "Qarabağ” sıradan transferlər etmir. Min ölçüb, bir biçirlər. Sistemə uyğun futbolçular alırlar. Yassin Benzia çıxdı meydana, son saniyələrdə qol vurub komandaya qələbə qazandırdı. Bu o deməkdir ki, potensialı, gücü var. Fikrimcə onlarda tam uyğunlaşma gedib. Yavaş-yavaş daha yaxşı olacaq”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->