Video 15:10 23.01.2024

Ən pis ssenariyə hazırlıq: Sankt-Peterburq ətrafında S-300-lər quraşdırılır (VİDEO)

Rusiya hakimiyyəti Leninqrad vilayətindəki hədəflərə dron zərbələrindən sonra Sankt-Peterburq ətrafında S-300 hava hücumundan müdafiə sistemlərinin quraşdırılmasına başlayıb.

Qaynarinfo bu barədə ASTRA "Telegram" kanalına istinadən xəbər verir.

"S-300-lər Sankt-Peterburq ətrafında yerləşdirilir. Beləliklə, uşaqlar, gəlin ən pisinə hazırlaşaq", deyə nəşr yazıb.

Zenit-raket sistemləri yerli sakin tərəfindən lentə alınıb, sistemlərdən biri arxaya dönməyə çalışaraq yolu bağlayıb.

Xatırladaq ki, yanvarın 18-də dronlar Sankt-Peterburq neft terminalına, yanvarın 21-də isə Ust-Luqa limanında "Novatek” şirkətinin terminalına hücum ediblər. Bu, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Leninqrad vilayətinə ilk hücumlar olub. 

Məlumata görə, SBU-nun xüsusi əməliyyatı nəticəsində Ust-Luqada dəniz terminalında partlayışlar və nəticədə yanğın baş verib.

"Novatek” terminalında əməliyyatlar dayandırılıb və yalnız bir neçə həftədən sonra bərpa olunacaq. Eyni zamanda, "Novatek” neft məhsullarının ixracından əldə etdiyi gəlirin dörddə biri qədər ziyan görə bilər.

Nizami Bağırov