XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Fransa Trampın tarif təhdidlərinə qarşı Aİ-nin cavab verəcəyini bildirdi
Dünya12:48 10.02.2025

Fransa Trampın tarif təhdidlərinə qarşı Aİ-nin cavab verəcəyini bildirdi

Fransanın xarici işlər naziri Jan-Noel Barro Avropa İttifaqının ABŞ prezidenti Donald Trampın tariflərə dair son bəyanatına reaksiya verəcəyini açıqlayıb.  
Qaynarinfo xəbər verir ki, bu barədə o, fevralın 10-da Fransa mətbuatına müsahibəsində bildirib.  
Agentliyin qeyd etdiyinə görə, Fransanın Xarici İşlər Nazirliyinin şərhləri Trampın fevralın 9-da verdiyi bəyanatdan sonra səsləndirilib. ABŞ prezidenti həmin gün polad və alüminiumun bütün idxalına əlavə 25% rüsum tətbiq edəcəyini açıqlayıb.  
Barrodan soruşulub ki, Fransa və Avropa İttifaqı buna cavab verəcəkmi. Nazir "Bəli, əlbəttə. Donald Tramp bunu 2018-ci ildə də etmişdi və biz reaksiya verdik. Yenə reaksiya verəcəyik", – deyə cavab verib.  
O bildirib ki, Avropa Komissiyası hansı sahələrin cavab tədbirlərinə daxil ediləcəyinə dair qərar qəbul edəcək.  
"Komissiya (Avropa Komissiyası – red.) uyğun zamanda tədbir görməyə tam hazırdır. Və indi bu zaman yetişib. Avropa İttifaqı ilə ticarət müharibəsinə başlamaq heç kimin marağında deyil", – deyə fransalı nazir vurğulayıb.  
Tramp daha əvvəl Aİ-yə qarşı rüsumların "tamamilə dəqiq" tətbiq ediləcəyini bildirib. O, Brüsselin ABŞ texnologiya şirkətlərinə qarşı addımlarına və malların ticarətində böyük ticarət kəsirinə istinad edib.  
Bundan sonra mediada Aİ-nin cavab tədbirləri olaraq Silikon Vadisini hədəfə ala biləcəyi barədə məlumatlar yayılıb. 
Fransa prezidenti Emmanuel Makron isə ABŞ-ın Aİ mallarına əlavə rüsumlar tətbiq etməsinin Amerika iqtisadiyyatına zərər verəcəyini və inflyasiyanı artıracağını bəyan edib.
Alpər