İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Maksimus” şirkəti seçilib. Tərəflər arasından bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 68 703 095,9 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Maksimus” Mənzil-Tikinti Kooperativi (MKT) 8 may 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Hüquqi ünvanı şirkətin Sumqayıt şəhəri, Bakı-Dərbənd yolunda yerləşən MKT-nin qanuni təmsilçisi Gülməmmədov Qoşqar Əşrəf oğludur.
"Maksimus” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi təsis edilib. 2025-cü ildə isə şirkətin təşkilati-hüquqi forması dəyişdirilib və şirkət MKT-yə çevrilib.
Açıq mənbələrdə "Maksimus” MKT haqqında heç bir məlumat yoxdur. MKT-nin qanuni təmsilçisi Qoşqar Gülməmmədov barəsində də hər hansı məlumata rast gəlinmir.
Yeri gəlmişkən, Qoşqar Gülməmmədovdan əvvəl şirkətə onun qardaşı Muxtar Gülməmmədov rəhbərlik edib.
Muxtar Gülməmmədov 2021-ci ildə Bakı şəhəri Atatürk prospektində ağacların kəsilməsi ilə gündəmə gəlmişdi. Həmin vaxt Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirmişdi ki, sözügedən əraziyə keçirilən baxış zamanı Atatürk prospekti 118A ünvanında yerləşən obyektin qarşısındakı 3 müxtəlif cinsli ağacın qanunsuz olaraq gövdəsinin üst hissəsindən budandığı, 3 zeytun ağacının və bir neçə dekorativ kolun isə kökündən çıxarıldığı məlum olub.
"Ağacların müvafiq ekspertiza rəyi olmadan qanunsuz köçürülməsinə və budanmasına göstəriş verən obyekt sahibi Muxtar Gülməmmədov barəsində akt, protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimə edilib”, deyə o vurğulamışdı.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, İKZF cari ilin əvvəlində "Maksimus” MKT ilə 17 804 626,9 manatlıq satınalma müqaviləsi imzalayıb. Həmin müqavilə qurumun yeni inzibati binasında təmir-bərpa işləri ilə əlaqədar olub.
İKZF-nin İdarə Heyətinin sədri Fəxri Kazımovdur. O, keçmiş deputat, Sosial Rifah Partiyasının qurucusu olmuş mərhum Xanhüseyn Kazımlının oğludur.
Seyid
Şərhlər