Xəbər lenti

İlk məməlilər dinozavr dövründə necə sağ qalıb? - Alimlər uğurun açarını açıqladı
Dünya 16:59 16.03.2025

İlk məməlilər dinozavr dövründə necə sağ qalıb? - Alimlər uğurun açarını açıqladı

İlk məməlilər zəif olub və dinozavrlara qarşı güc nümayiş etdirə bilməyiblər. Uzun müddət onlar bu nəhəng canlılarla eyni mühitdə yaşayıb və daim təhdid altında olublar. Lakin nəticədə təkamül mübarizəsində qalib gələn tərəf məhz məməlilər olub. Yeni elmi araşdırma, onların bu ağır dövrdən sağ çıxmasına kömək edən əsas faktoru üzə çıxarıb.

Qaynarinfo "Interesting Engineering" elmi jurnalına istinadən xəbər verir ki, ilk məməlilər dinozavr dövrünü qaranlıq rəngli xəz sayəsində keçə biliblər. Onlar parlaq zolaqlara, gözəçarpan ləkələrə və ya qızılı çalara malik olmayıblar - əksinə, başdan quyruğa qədər tünd boz rəngli xəzlə örtülüblər.

Yeni araşdırmanın nəticələrinə əsasən, bu təkrəngli xəz kamuflyaj üçün ideal olub. Bu xüsusiyyət sayəsində məməlilər gündüzlər kölgələrdə gizlənə, gecələr isə görünməz ola biliblər.

Tədqiqat müəlliflərinin fikrincə, bu gün alimlər artıq uçan dinozavrlar da daxil olmaqla, dinozavrların rəng palitrası barədə geniş məlumata malikdirlər. Lakin məməlilərin xəz rənginin təkamülü indiyədək diqqətdən kənarda qalıb. Belçikanın Qent Universitetinin bioloqları isə bu məsələyə aydınlıq gətirməyə müvəffəq olublar.

Tədqiqatın nəticələri nə göstərdi?

Maraqlıdır ki, tədqiqatçılar bu nəticəyə təkcə ilk məməlilərin daşlaşmış qalıqlarını araşdıraraq deyil, həm də müasir heyvanların xəzindəki piqment strukturlarını öyrənərək gəliblər. Bu analizlərdən sonra aparılan statistik təhlillər təkamülün necə baş verdiyini daha dəqiq göstərib.

Araşdırmanın həmmüəllifi, təkamül bioloqu Mettyu Şoki əldə edilən nəticələrin gözlənilən olduğunu bildirir:

"Onlar əsasən dinozavrların qidası idilər. Kölgələrdə gizlənirdilər. Bu səbəbdən də tünd rəngdə olmaları tamamilə məntiqlidir".

Tədqiqatçılar hesab edirlər ki, tünd rəngli xəz ilk məməlilərin əsasən gecə aktiv olduğunu da göstərir. Bu nəzəriyyə əvvəllər aparılan araşdırmalarda da irəli sürülmüşdü.

Bununla belə, alimlər hələ də qədim məməlilərin kifayət qədər fosil materialına sahib olmadıqlarını etiraf edirlər. Bu isə o deməkdir ki, bəzi növlərin o dövrdə də parlaq rənglərə sahib olma ehtimalı var.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->