"Instagram" platformasında son həftələrdə müşahidə olunan qəfil hesab bağlamaları sosial mediada geniş müzakirələrə səbəb olub. Minlərlə istifadəçi heç bir xəbərdarlıq almadan hesablarına girişin kəsildiyini bildirir. Hər hansı rəsmi açıqlamanın verilməməsi, narahatlığı daha da artırıb.
Qaynarinfo xəbər verir ki, qadağa qoyulan istifadəçilərin əksəriyyəti hesablarına giriş cəhdində yalnız ümumi "icma qaydalarının pozulduğu"na dair mesajla qarşılaşdıqlarını, lakin konkret hansı qaydanı pozduqlarının bildirilmədiyini deyirlər. Bir çoxu etiraz etmək istəsə də, bunun üçün təsirli bir yolun olmadığını qeyd edir.
Qadağaların səbəbi süni intellekt ola bilər
Hazırda "Instagram" və ana şirkəti "Meta" tərəfindən bu kütləvi qadağalara dair rəsmi açıqlama verilməyib. Lakin bir çox istifadəçiyə görə əsas səbəb platformada məzmun yoxlanışı məqsədilə süni intellekt sistemlərinin tətbiq edilməsidir. Avtomatlaşdırılmış sistemlərin səhv qərarlar verdiyi və günahsız istifadəçiləri səhvən blokladığı düşünülür.
Dəstək yalnız pullu abunəçilərəmi verilir?
Müzakirə olunan digər bir məsələ isə dəstək sisteminin yalnız "Meta Verified” – yəni pullu abunəçilər üçün əlçatan olmasıdır. Aylıq ödəniş etməyən istifadəçilər üçün texniki dəstək almaq demək olar ki, mümkünsüzdür. Bu səbəbdən bir çox istifadəçi Reddit və oxşar forumlarda çıxış yolu axtarmağa çalışır.
Bir istifadəçi başına gələnləri belə təsvir edir:
"Facebook"a daxil oldum, sessiyam bağlanmışdı. "Instagram"a keçdim, eyni vəziyyət. Niyə olduğunu bilmirdim. Sadəcə bir səhifə açıldı və 180 gün ərzində etiraz edə biləcəyim bildirildi".
Bəzi hesablar geri açılır, bəs necə?
Bəzi istifadəçilər isə bir neçə gün gözlədikdən sonra hesablarının yenidən aktiv olduğunu qeyd edirlər. Onların əksəriyyəti "Instagram" və "Facebook"un dəstək e-poçt ünvanlarına yazdıqlarını bildirir. Lakin bu ünsiyyətin doğrudan da təsirli olub-olmadığı və ya hesabların başqa səbəblərlə bərpa olunub-olunmadığı bilinmir.
"Meta"dan ilk qeyri-rəsmi açıqlama
"Meta" hələ ki, birbaşa açıqlama verməsə də, Cənubi koreyalı bir millət vəkilinin paylaşdığı məlumata görə, şirkət hazırda, o cümlədən "Instagram" platformasında uşaq istismarı ilə bağlı məzmunlara qarşı daha sərt qlobal nəzarət tədbirləri həyata keçirir. Bu proses zamanı bəzi hesabların səhvən bağlandığı və şirkətin vəziyyətdən xəbərdar olduğu qeyd olunur.
Bu hadisə süni intellektlə məzmun nəzarətinin sərhədləri mövzusunu yenidən gündəmə gətirib. Avtomatik sistemlər sui-istifadənin qarşısını almaqda effektiv olsa da, yanlış qərarlar sıravi istifadəçilər üçün ciddi haqsızlıqlara yol aça bilər.
"Meta"nın yaxın günlərdə məsələyə dair daha ətraflı açıqlama verməsi gözlənilir. Hazırda isə minlərlə istifadəçi hesabının niyə bloklandığını anlamadan, geri qaytarılması ümidi ilə gözləməkdədir.
Aydın
Şərhlər