Xəbər lenti

İran-Ermənistan hərbi təlimləri: Güc nümayişi, yoxsa Vaşinqtona hesablanmış mesaj?
Dünya 14:59 25.02.2026

İran-Ermənistan hərbi təlimləri: Güc nümayişi, yoxsa Vaşinqtona hesablanmış mesaj?

"İrəvanın mövcud vəziyyətdə Tehranla birgə təlimə getməsi həm Azərbaycana qarşı güc nümayişi, həm də Ermənistanın təlimlər dövründə İran ordusunun zəif və güclü cəhətlərini aşkara çıxarıb, əldə etdiyi məlumatları Vaşinqtona ötürəcəyi ehtimalı kimi nəzərdən keçirilə bilər. Belə bir imkan nəzərdən keçirilərsə, hesab edirəm ki, ABŞ-ın bu hərbi təlimlərə münasibəti o qədər də mənfi olmayacaq".

Bu fikirləri Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli regionda artan gərginlik fonunda Ermənistanla İran arasında keçirilməsi gözlənilən birgə hərbi təlimlərin məqsədlərini şərh edərkən səsləndirib. 

Müsahibimiz bildirib ki, mövcud şəraitdə Tehran-İrəvan xətti üzrə planlaşdırılan təlimlər "qırmızı xətt” məsələsi kimi qiymətləndirilməməlidir:

"Hərbi təlimlər, o cümlədən birgə hərbi təlimlər bir neçə məqsədlə həyata keçirilir. Bu, bir tərəfdən ordunun döyüş hazırlığının yoxlanılması, mümkün müharibə şəraitində ordular arasında rabitə və koordinasiyanın təmin olunması üçündür. Digər tərəfdən isə potensial düşmənə qarşı güc nümayişidir. İranla Ermənistan arasında münasibətlər həmişə yaxın olub. İran Ermənistanı özünün "qırmızı xətti" hesab edir. Lakin indiki mərhələdə bu təlimləri "qırmızı xətt"in pozulması kimi dəyərləndirmək doğru olmaz".
 


Ekspertin fikrincə, təlimlər eyni zamanda Azərbaycana və Türkiyəyə yönəlik mesaj xarakteri daşıyır:

"İran rəsmiləri İsraillə apardığı 12 günlük müharibə dövründə heç bir əsas olmadan dəfələrlə iddia edirdilər ki, guya Azərbaycan ərazisindən zərbələr endirilib. İndi də bəyan edirlər ki, ABŞ-la müharibə başlayarsa, regiondakı müttəfiqlər – Türkiyə və Azərbaycan da hədəfə çevrilə bilər. Ola bilsin ki, keçiriləcək hərbi təlimlərdə bu ssenarilər məşq edilir və Ermənistan silahlı qüvvələrindən istifadə nəzərdə tutulur. Belə bir vəziyyətin yaranması daha çox İrana lazımdır, nəinki Ermənistana".

Qulamhüseyn Əlibəyli vurğulayıb ki, Azərbaycan dəfələrlə öz ərazisi və hava məkanından İrana qarşı istifadə olunmasına imkan verməyəcəyini bəyan edib. Buna baxmayaraq, İranın mühafizəkar dairələri Azərbaycanı hədəf göstərməkdə davam edir. 

Onun sözlərinə görə, Tehran bu təlimlərlə Vaşinqtona da mesaj ünvanlayır:

"İran artan müharibə ehtimalı fonunda ABŞ-a göstərmək istəyir ki, mümkün hərbi müdaxilə onun üçün asan olmayacaq. Yəni bu təlimlər həm regional, həm də beynəlxalq xarakterli mesajdır”. 

Ekspert hesab edir ki, Ermənistanın belə bir məqamda İranla hərbi təlimlərə razılıq verməsi müəyyən suallar doğurur:

"İrəvan son dövrlər Rusiyadan uzaqlaşaraq ABŞ-la yaxınlaşma kursu götürüb. Ermənistan yaxşı bilir ki, onun ərazilərinə real təhdid yoxdur. Azərbaycanla sülh müqaviləsinin imzalanması, Türkiyə ilə münasibətlərin normallaşması prosesi gündəmdədir”. 

Qeyd edək ki, qlobal gərginliyin artdığı, xüsusilə Tehranla Vaşinqton arasında münasibətlərin kəskinləşdiyi bir mərhələdə Ermənistan və İranın birgə hərbi təlim keçirməyi planlaşdırdığı bildirilir. Məlumata görə, təlimlər aprel ayının əvvəlinə nəzərdə tutulub. Hazırda beynəlxalq ictimaiyyətin diqqəti ABŞ–İran xəttindəki gərginliyə yönəlib. Danışıqlar imkanları tam tükənməsə də, tərəflərin paralel şəkildə hərbi hazırlıqları gücləndirdiyi müşahidə olunur. ABŞ-ın regiona əlavə qüvvə cəmləməsi də bunu göstərir. Belə bir şəraitdə Ermənistanın İranla hərbi təlimlərə qatılması istər-istəməz ciddi siyasi və geosiyasi suallar doğurur. 

Rüfət Sultan

--> -->