İtaliyanın "Campari Group" şirkəti özünə məxsus "Cinzano" və "Frattina" brendlərini, eləcə də parıldayan şərab istehsalı üzrə biznesini "Caffo Group 1915" şirkətinə satacağını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumat istehsalçının rəsmi saytında dərc olunub.
Müqavilənin məbləği 100 milyon avro dəyərində qiymətləndirilir və onun 2025-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.
"Campari Group"un baş direktoru Saymon Hant brendlərin satışını şirkətin portfelinin optimallaşdırılması ilə izah edib. Öz növbəsində, "Caffo Group 1915"in baş direktoru Sebastyano Kaffo bildirib ki, bu brendlərin əldə olunması şirkətə beynəlxalq bazarlarda mövqeyini gücləndirməyə imkan verəcək.
Saziş çərçivəsində "Cinzano" və "Frattina" brendləri, istehsal gücləri, hazır məhsul ehtiyatları və avadanlıqlar yeni yaradılmış bir şirkətin tərkibində "Caffo Group 1915"ə keçəcək. Bununla belə, "Campari Group"un Argentina və İtaliyada yerləşən və digər içkilərin istehsalı ilə məşğul olan müəssisələri bu sazişə daxil deyil.
Tərəflər arasında imzalanacaq distribyutor sazişinə əsasən, "Campari Group" "Cinzano" məhsullarının Argentina, İspaniya, Meksika, Rusiya, Cənubi Koreya və Cənubi Afrika bazarlarında yayımını davam etdirəcək. Bu sazişin müddəti barədə məlumat verilməyib.
Aydın
Şərhlər